ATU-nun dekanı Qazaxıstanda görüşlər keçirib

Azərbaycan Tibb Universitetinin (ATU) xarici tələbələrlə iş üzrə dekanı, dos. İsmayıl Əfəndiyev Qazaxıstan Respublikasında işgüzar səfərdə olub. Səfər zamanı İ.Əfəndiyev Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib.

 

Azərbaycanlı diplomatlarla görüş zamanı səfirin müşaviri, cənab Ağacavid Ramazanov son vaxtlar Qazaxıstanda abituriyentlər arasında ATU-ya marağın çoxaldığını bildirib və bunun ali təhsil ocağının artmış nüfuzunun göstəricisi olduğunu qeyd edib. Səfirliyin məsul işçilərinin də iştirak etdiyi görüşdə ATU-da təhsil almaq istəyən Qazaxıstan vətəndaşlarına göstərilə biləcək viza dəstəyi haqqında müzakirə aparılıb. Həmçinin qeyd olunub ki, Azərbaycan Tibb Universiteti diplomdansonrakı I pillələrdə - magistratura, rezidentura və doktoranturada təhsil almaq istəyən bütün xarici tələbələr, o cümlədən Qazaxıstandan olan vətəndaşlar üçün də şərait yaradır.

 

Səfirlikdəki görüş zamanı Azərbaycan Qazaxıstan arasında tibb təhsili sahəsində münasibətlərin daha da gücləndirilməsi üçün görülə biləcək işlər müzakirə olunub.