Türk həkimlərinin keçirdiyi nadir əməliyyatlar ATU-da translyasiya olunacaq
Azərbaycan Tibb Universiteti (ATU) Memorial Xəstəxanalar Qrupu ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Yaxın gələcəkdə iki müəssisə arasında müştərək tədbirlər, birgə əməliyyatlar, seminar və elmi konfransların keçirilməsi planlaşdırılır. Bu haqda ilkin razılıq Memorial Xəstəxanalar Qrupunun baş direktoru Uğur Genç ilə ATU rektoru, professor Gəray Gəraybəyli arasındakı görüş zamanı əldə olunub.
Görüş zamanı ATU rektoru, professor Gəray Gəraybəyli ATU ilə Memorial Xəstəxanalar Qrupu arasında uzun illərdir əməkdaşlığın mövcud olduğunu vurğuladı. Rektor bildirdi ki, indiyədək bir çox sahələrdə birgə tədbirlər təşkil olunub: “Lakin adətən bu tədbirlər tibbin əsas istiqamətləri - ginekologiya, endikrinologiya, cərrahiyyə ilə bağlı olub. Biz digər önəmli sahələr - pediatriya, oftalmologiya, psixiatriya, nevrologiyaya da diqqət ayırmaq istərdik”.
Professor G.Gəraybəylinin sözlərin görə, indiyədək azərbaycanlı gənc həkimlərin Türkiyədə staj keçməsi, praktiki kurslar keçməsi ilə bağlı problem olmayıb. Həmçinin, rezidentura pilləsində çalışan həkimlər də qonu ölkədə praktikada ola bilirlər: “Biz isə İstanbul Universitetinin müəllimlərinin ATU-dakı tədris prosesinə cəlb olunması arzusundayıq. Yalnız rezidentlər üçün deyil, tələbələrin də biliklərini artırması üçün xüsusi dərslərin keçirilməsi, əməliyyatların canlı yayımla nümayiş olunmasını təşkil etmək istərdik. Simulyasiya otaqlarımızda praktiki vərdişlərin tədrisi ilə bağlı qısamüddətli kursların təşkili tələbələrimizin bacarıqlarını artırması üçün böyük töhfə olmuş olardı”.
Memorial Xəstəxanalar Qrupu Cənab Uğur Genç qeyd etdi ki, Türkiyə tibbində invaziv cərrahiyyə, qaraciyər nəqli, radiologiya, süni mayalanma və digər sahələr üzrə ciddi nailiyyətlər əldə olunub və bu təcrübəni Azərbaycanla paylaşmaq niyyətindədirlər: “Türkiyənin fərqli yerlərində 10 xəstəxanamız var, burada 1000-dən çox yüksək səviyyəli peşəkar həkimlərimiz işləyir. Hesab edirik ki, bilgi paylaşdığınız zaman dəyərlidir. Bu baxımdan, biliklərimizi Azərbaycanla paylaşmağa hər zaman hazırıq”.
Qeyd olundu ki, Memorial Xəstəxanalar Qrupuna daxil tibb müəssisələrində hər il yüzlərlə qaraciyər nəqli əməliyyatı həyata keçirilir və onların 92 faizi uğurla nəticələnir. Bu klinikalarda ildə 125 min yataq xəstəsi olur, 60 min əməliyyat aparılıb. Yaxın vaxtlarda İstanbulda bu şəbəkəyə daxil olan yeni xəstəxana açılacaq.
Söhbət zamanı əməkdaşlığın digər formatları müzakirə olundu. Türkiyə həkimlərinin ATU-da qısamüddətli kurs keçməsi, Türkiyəli həkimlərin keçirdiyi nadir əməliyyatların video translyasiya ilə ATU tələbələri üçün nümayiş etdirilməsi, tələbələrin praktiki biliklərini artırması məqsədilə digər tədbirlərin təşkili ilə bağlı ilkin razılıq əldə olundu.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov da iştirak edirdi.