Oktyabrın 3-7-də Astana şəhərində (Qazaxıstan) “Codex Alimentarius” komissiyasının Avropa üzrə koordinasiya komitəsinin 30-cu sessiyası keçirilib. Toplantı Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Proqramı tərəfindən birgə təşkil olunmuşdu.
57 ölkədən olan yüksək ixtisaslı mütəxəssislərin qatıldığı bu beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyətinə ATU-nun dosenti, baş toksikoloq İsmayıl Əfəndiyev başçılıq edib.
Komitənin iclasında Avropa ölkələri və qonşu regionlar üçün mühüm olan səhiyyə problemləri, o cümlədən, kimyəvi və qida təhlükəsinə dair məsələlər müzakirə olunub. Beynəlxalq toplantıda həmçinin, həddindən artmış antimikrob preparatların rezistentliyi, qidaların kimyəvi çirklənməsi, “Codex Alimentarius” standartlara üzv ölkələrin riayət edilməsi, yeni kimyəvi maddələr üçün təhlükəsizlik və qida standartlarının tətbiqi və s. məsələlərinə baxılıb.
Komissiya iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən bir sıra mühüm məsələlər qaldırılıb. Onlar arasında Yeni Maliyyə Fondunun səmərəli istifadəsinə dair və CODEX standartlarının milli dillərinə tərcüməsi ilə bağlı təkliflər iclasın yekun sənədinə daxil edilib.