Cənubi Koreyanın tanınmış tibb professorları Azərbaycan Tibb Universitetində qonaq olublar. ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qəbulova Tibbi Liderlər Kooporasiyasının (MLC) baş katibi Sanq-Min An və Kyung Hee Universitetinin paradontologiya fakültəsinin stomatoloqu professor Joon Bonq Parka ilk öncə Tibb Universitetinin fəaliyyəti, təhsil sistemi, klinikaları haqqında məlumat verib. O, qonaqlara son illər universitetdə görülən işlərdən, açılan yeni klinikaların fəaliyyətindən bəhs edib.
Qeyd olunub ki, universitetin Stomatoloji, Onkoloji, Tədris-terapevtik və Tədris-cərrahiyyə klinikalarının hər birində ən müasir tibbi avadanlıqlar quraşdırılıb. Dünyanın aparıcı şirkətlərinin istehsalı olan bu cihazlar müayinə və müalicə işini ən yüksək səviyyədə həyata keçirməyə tam imkan verir.
Prorektor həmçinin qonaqlara ATU-nun xarici ölkə universitetləri, klinikaları ilə olan sıx əməkdaşlığından da bəhs edib. Bildirib ki, bu ali təhsil ocağı artıq 22-dən çox xarici ölkədən tələbə qəbul edib.
Görüşdə iki ölkə universiteti arasında elmi işlərdən söhbət açılıb, gələcəkdə qarşılıqlı, birgə elmi iş yaratmaq fikri müzakirə edilib.