Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında pediatr, endokrinoloq İlsur Novruzovun xəstə təhlili ilə bağlı görüşü keçirilib.
Görüşdə çıxış edən Klinikanın direktoru dosent Könül Xəlilova xəstə təhlilinin həm tələbələr, həm də rezidentlər üçün böyük əhəmiyyəti olduğunu bildirdi. Çünki, Klinikamıza kifayət qədər ağır formada gətirilən və öz sağlamlıqlarına qovuşan insanlar olub. Biz də bu prosesin gedişi ilə yaxından tanış olmalı və professorlarımızla bunu müzakirə etməliyik.
Daha sonra çıxış edən İlsur Novruzov iki azyaşlının anadangəlmə hipotireoz xəstəliyi ilə müraciət etdiyini söylədi.
Anadangəlmə hipotireoz haqqında məlumat verən İ. Novruzov bildirdi ki, bu xəstəlik yeni doğulan uşaqlarda rast gəlinir və tiroid hormon çatışmazlığı ilə xarakterizə olunur.
Bu xəstəlik müşahidə olunan uşaqlar vaxtında müalicə olunmalıdır. Əks halda onlar fiziki cəhətdən inkişaf etsələr də, əqli cəhətdən geri qalacaqlar.
Görüşün davamında xəstə yaxınları və həkimlər anadangəlmə hipotireoz xəstəliyi ilə bağlı müzakirələr apardılar.