Azərbaycan Tibb Universiteti Litvanın Sağlamlıq Elmləri Universiteti ilə əməkdaşlıq edəcək

Rektor Gəray Gəraybəyli Kaunas Universitetinin nümayəndə heyətini qəbul edib

 

Litvanın Sağlamlıq Elmləri Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir.  Səfər zamanı səhiyyə naziri Oqtay Şirəliyevin qəbulunda olan qonaqlar  Azərbaycan Tibb Universitetində də olublar, rektor Gəray Gəraybəyli və universitetin digər rəhbər şəxsləri ilə görüşüblər.

 

Görüş zamanı Litvanın Sağlamlıq Elmləri Universiteti nəzdindəki Kardiologiya İnstitutunun direktoru, Litva Senatının sədri, professor  Rimantas Benet təmsil etdiyi tibbi müəssisə haqqında məlumat verib. O, qeyd edib ki, Kaunasda yerləşən bu universitetdə tibb və səhiyyənin bütün növləri üzrə kadrlar hazırlanır: “Məsələn, biz veterinar da hazırlayırıq. Bu, bizim üçün böyük potensial deməkdir və dövlətə ən böyük xidmətdir. Çünki yetirmələrimiz həm gömrük, həm də kənd təsərrüfatı sistemində işləyirlər, insanlar üçün ən önəmli olan qida keyfiyyətinə nəzarət edirlər. Biz indi həkimlərin yox, daha çox tibb bacılarının səviyyəsinin artırılması üzrə işləyirik. Çünki ictimai səhiyyə üzrə hazırlanan işçilər hər cür müəssisələrdə - məktəblərdə, uşaq bağçalarında işləyirlər və onların yüksək səviyyəsinə arxayın olmalıyıq.” Qonaq bildirdi ki, özündə bütün ixtisasları birləşdirən Litva Sağlamlıq Elmləri Universitetinin nəzdində klinikalar və hətta apteklər də vardır.

 

Daha sonra qonaqlar Litva Sağlamlıq Elmləri Universitetində idarəetmə və tədris sistemi, müəllim heyəti üçün qoyulan tələblər, təqaüd yaşı və digər məqamlar haqqında geniş məlumat verdilər. Qeyd olundu ki, universitetin bir çox sahədə faydalı təcrübəsi var və Azərbaycan Tibb Universiteti üçün önəmli olan sahələrdə əməkdaşlıq etmək arzusundadırlar.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bir müddət əvvəl Litva Sağlamlıq Elmləri Universitetində olduğunu, burada təhsil və praktika üçün gözəl şərait yaradıldığını vurğulayıb. Rektor bildirib ki, hazırda ATU-da tələbələrin praktiki bacarıqlarının artırılmasına daha çox diqqət ayrılmasına ehtiyac var: “Universitetimizdə nəzəri biliklər kifayət qədər yüksək səviyyədə tədris olunur. Lakin tələbələrin praktiki bacarıqları ilə bağlı müəyyən problemlər var. Biz bu sahədə Türkiyə universitetləri ilə sıx əməkdaşlıq edirik. Hətta ATU-nun stomatologiya fakültəsini bitirən məzunların diplomları Türkiyədə tanınır və təsdiqlənir, gənclərin orada rezidenturada oxumaq şansı yaranır”.

 

Azərbaycanda tibb təhsilinin tədrisinin təşkili haqqında məlumat verən rektor Gəray Gəraybəyli qeyd edib ki, ölkəmizdə bu istiqamətdə bir neçə müəssisə fəaliyyət göstərir. ATU-da yalnız diplomlu həkimlər hazırlanır. Bundan əlavə, Həkimlərin Təkmilləşdirilməsi İnstitutu və tibb bacıları hazırlayan kollec də mövcuddur. Gələcəkdə bu müəssisələrin birləşdirilməsi haqqında planlar hazırlanır və islahatlar yolu ilə bu planların həyata keçirilməsi reallaşdırılır.  

 

Professor G.Gəraybəyli tədris metodikasında ciddi dəyişikliklərə ehtiyac olduğunu, bir sıra fənlər üzrə proqramların köhnəldiyini bildirib: “Mühazirə oxumaq asan iş olsa da, yeni üsullarla  metodlarla tədris edilməsinə, proqramın təkmilləşdirilməsinə ciddi ehtiyac var. ATU-da kafedra işçilərinin akkreditasiyadan keçirilməsi meyarlarının hazırlanması üçün komissiya yaradılıb. Digər tərəfdən biz, universitetin nizamnaməsini də  hazırlayırıq. Birinci kursun proqramında dəyişikliklər edilməsi, bəzi fakültələrin adlarının və hazırlanan kadrların ixtisasının dəyişdirilməsi, daha da dəqiqləşdirilməsi ilə bağlı planlar hazırlanıb”.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd olunan məsələlərlə bağlı Litva Sağlamlıq Elmləri Universitetinin təcrübəsindən yararlanmaq, bu məsələlər üzrə əməkdaşlıq etmək istəyini açıqladı. Müzakirələr zamanı  əməkdaşlıq edilə biləcək sahələrin əhatəsi dəqiqləşdirildi və tezliklə bu istiqamətdə konkret addımlar atılmasına,qarşılıqlı müqavilənin hazırlanıb imzalanmasına qərar verildi.

 

Görüşdə ATU rektorunun müşaviri Zülfüqar Musabəyov, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova, beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov, ATU-nun xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyev, qarşı tərəfdən isə Beynəlxalq Əlaqələr Mərkəzinin dekanı, Litva Sağlamlıq Elmləri Universitetinin professoru Jilvinas Padayqa, Litva Sağlamlıq Elmləri Universitetinin tibb fakültəsinin dekanı, professor Algimantas Tamelis, Litva Sağlamlıq Elmləri Universitetinin tibb bacıları fakültsinin dekanı, professor Yurate Matsiyauskene, Litva sağlamlıq Elmləri Universitetinin beynəlxalq proqramlar koordinatoru Gintare Dilünene iştirak ediblər.