ATU-da Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin V Milli Konqresi keçirildi

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin V Milli Konqresi keçirilib.

Konqresi giriş sözü ilə açan ATU-nun tədris işləri üzrə prorektoru professor Sabir Əliyev çıxış edərək konqresin əlamətdar günə təsadüf etdiyini bildirdi və nəzərə çatdırdı ki, bir neçə gün bundan əvvəl ölkəmiz müstəqilliyinin bərpasının 25-ci il dönümümü qeyd etdi.

Sabir Əliyev müstəqilliyin bərpasına nail olmasında ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin mühüm rol oynamasından da söhbət açdı.

Bu sahədə  keçirilən konqresin çox böyük əhəmiyyət daşıdığını söyləyən Sabir Əliyev bildirdi ki, allergiya Azərbaycanda ən geniş yayılmış xəstəliklər sırasına daxildir. Orqanizmdə baş verən hər hansı bir xəstəlik təbiidir ki, gələcəkdə immun sisteminin təhrif olunmuş reaksiyası kimi özünə biruzə versin. Ona görə də hər bir allerqoloq bilməlidir ki, ilk növbədə immun sisteminin təhrif  olunmuş reaksiyası hansı hallar üçün xarakterikdir. Belə konqreslərin keçirilməsində də əsas məqsəd insanların bu xəstəliklə bağlı maarifləndirilməsi və onlara lazımi məlumatların çatdırılmasıdır.

Sabir Əliyev qonaqların diqqətinə çatdırıb ki, hər il keçirilən bu konqresdə professor Amaliya Əyyubovanın çox böyük zəhməti vardır.

Daha sonra çıxış edən Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, MDB ölkələrinin allerqoloq və kliniki immonoloqlar şurasının vitse-prezidenti professor Amaliya Əyyubova konqres iştirakçılarını salamlayaraq onlara uğurlar arzuladı.

5 il ərzində gördükləri işlərlə bağlı hesabatı konqres iştirakçılarının diqqətinə çatdıran professor Amaliya Əyyubova bu sahədə daima yeniliklərlə bağlı işlər gördüklərini bildirdi.

A.Əyyubova xarici ölkələrdə iştirak etdiyi konqreslərdəki çıxışları haqqında da məlumat verdi.

Konqresə qatılan Ümumdünya immunpatologiya təşkilatının prezidenti, MDB ölkələrinin allerqoloq və immunoloq şurasının prezidenti, İmmunofiziologiya İnstitutunun direktoru( Moskva) akademik Sepiaşvili çıxış edərək bu konqresin hər il Azərbaycanda keçirilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırdı.

 

Konqres işini elmi məruzələrlə plenar sessiyalarda davam etdirdi.