Bu günlərdə İstanbulda “Ekstremizmə varan radikallıqla mübarizədə gənclərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və BMT-nin Mədəniyyətlər İttifaqının (UNAOS) birgə təşkilatçılığı ilə baş tutub.
İki gün davam edən konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Milli Məclisin deputatı Şahin İsmayılov, Dünya Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə həmkarlar İttıfaqının Sədr müavini Şahmar Rəfili, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Tural Əzizov və digərlərindən ibarət nümayəndə heyəti iştirak edib.
Toplantının rəsmi açılışında TDƏŞ-in baş katibi Ramil Həsənov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir və Türkiyə Baş nazirinin müavini Toğrul Turkeş çıxış ediblər. Məlumat verilib ki, toplantıda 37 ölkədən 320 nümayəndə iştirak edib. Çıxışlarda gənc nəslin düzgün istiqamətləndirilməsində təhsil və tərbiyənin rolu yüksək qiymətləndirilib. Diqqətə çatdırılıb ki, gəncləri ekstremizmdən və radikal meyillərdən çəkindirmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin təşkili kimi məqamlara üstünlük verilməlidir.
Tədbirdə BMT ilə TDƏŞ arasında əməkdaşlıq protokolu imzalanıb. Rəsmi açılışdan sonra konfrans panel iclasları ilə davam edib. “Hökumətin və beynəlxalq təşkilatların ekstremizmə qarşı mübarizədə gənclərə münasibəti” mövzusunda paneldə çıxış edən Fərhad Hacıyev Azərbaycanda həyata keçirilən gənclər siyasətinin istiqamətləri barədə məlumat verib.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini diqqətə çatdıran F.Hacıyev Azərbaycanda gənclərin seçkili orqanlarda iştirakı, dövlət idarəçiliyində irəli çəkilməsi, yüksək təhsil almaq üçün həyata keçirilən dövlət proqramları və s. məqamların dünya üçün əhəmiyyətli nümunə olduğunu qeyd edib.
Nümayəndə heyətinin digər üzvlər ilə yanaşı, ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Tural Əzizov da müzakirələrdə iştirak edərək ölkəmizdə gənclərin inkişafı üçün yaradılan şəraitdən danışıb, konkret olaraq ATU-da görülən işlərlə tədbir iştirakçılarını tanış edib.