Oktyabrın 19-da Azərbaycan Tibb Universiteti (ATU) Xarici dillər kafedrasında Tempus FLEPP (Foreign Language Education for Professional Purposes) layihəsi çərçivəsində görülən işlərin monitorinqi keçirilib.
ATU, Avropa, Asiya və Azərbaycan Universitetləri ilə birlikdə 2013-cü ilin sonundan bu layihənin fəaliyyətinə qoşulub. FLEPP layihəsi partnyor universitetlərin yekun konfransı ərəfəsində keçirilən bu monitorinqdə Böyük Britaniya Qlazqo Universitetinin təmsilçisi Julia Mc Adam, ATU-nin Beynəlxalq əlaqələr üzrə prorektoru, layihə koordinatoru dosent Rəhimə Qabulova, ATU Xarici dillər kafedrasının müdiri, professor Z.Məmmədova və kafedra əməkdaşları iştirak ediblər.
Monitorinq zamanı layihənin əsas fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin nəticələri müzakirə edilib. Professor Z.Məmmədova FLEPP layihəsinin kafedranın elmi-pedaqoji fəaliyyətinə stimullaşdırıcı təsirini xüsusi vurğulayaraq gələcəkdə də bu kimi layihələrdə iştirakın vacibliyini qeyd edib. İngilis dili bölmə müdiri Ç.İsmayılova layihə çərçivəsində xarici dil tədrisi proqram və sillabusların yenidən işlənməsi və dərslik tərtibatı, həmçinin xarici dil bacarıqlarının qiymətləndirilməsi meyarlarının müəyyənləşdirilməsi ilə bağlı görülən işlər barəsində məlumat verib. O, Avropa (Esseks, Qlazqo, Frayburq, Tallin) və Asiya (Düşənbə, İssık-Kul) Universitetlərində peşəyönümlü xarici dil təliminin müxtəlif problemlərinə həsr olunmuş seminarların, eləcə də online-webinarların nəticələri ilə bağlı kafedrada təşkil olunan müzakirələrin və təlimlərin xarici dil müəllimlərinin professional inkişafındakı önəmli rolunu layihənin uğurlu nəticələrindən biri kimi qiymətləndirib.
FLEPP layihəsinin icrası prosesində tibbi ixtisasyönülmü ingilis və alman dili tədrisi üzrə dərslik və digər tədris vəsaitləri ilə təchizat, xarici dil mərkəzinin yaradılması kimi məsələlərin həlli bu sahədəki boşluğu aradan qaldırıb. Müasir informasiya texnologiyaları ilə təchiz olunmuş xarici dil mərkəzində tədrisin təşkili peşəyönümlü xarici dil bacarıqlarının, xüsusilə dinləyib anlama və danışıq vərdişlərinin inkişafı baxımından daha əlverişli nəticələr əldə etmək imkanı yaradır.
ATU FLEPP layihə koordinatoru, dosent R.Qabulova kafedrada tibbi fənnləri ingiliscə tədris edən müəllimlər üçün xarici dil kurslarının təşkilini layihədə nəzərdə tutulan Davamlı Təhsil Proqramı (Life Long Learning) çərçivəsində həyata keçirilən iş kimi qiymətləndirərək bu kursun proqramının məqsədəuyğun tərtib edildiyini vurğulayıb.
Monitorinq iştirakçıları FLEPP layihəsinin dəstəyi ilə yaradılmış Dil mərkəzində hazırlıq kursunda təhsil alan xarici tələblərin iştirakı ilə ingilis dili dərsini müşahidə ediblər. Həmçinin, ATU müəllimləri üçün təşkil olunmuş xarici dil kursunda məşğələlərin məzmunu və gedişi ilə maraqlanıblar.
Qlazqo Universiteti təmsilçisi Julia Mc Adam monitorinqin nəticəsi ilə bağlı müsbət rəy bildirib.
21 oktyabr 2016-cı ildə Azərbaycan Dillər Universitetində Tempus FLEPP layihəsi üzrə yekun konfrans keçirilib. Konfransda partnyor universitetlərin layihə koordinatorları və iştirakçıları əldə olunan uğurlarla bağlı maraqlı məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında müzakirələrdə universitetlərarası gələcək əməkdaşlıq perspektivləri ilə əlaqəli bir sıra təkliflər irəli sürülmüşdür.