Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) cari tədris ili üçün “Mülki Müdafiə tədbirləri planı”na əsasən Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Məşqin təşkilində məqsəd xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması və Mülki Müdafiə qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanması olub.
ATU-nun Mülki Müdafiə qərargahının rəisi Firdovsi Məmmədov toplantı iştirakçılarını məşqin keçirilməsinə dair müvafiq əmrlə tanış edib. Daha sonra F.Məmmədov bu sahədə ATU-da baş tutacaq yeniliklər haqqında onlara məlumat verib.
Qeyd edək ki, ATU-nun Mülki Müdafiə qüvvələrinin şəxsi heyəti 167 nəfərdən ibarətdir. Qüvvələrə sıra baxışı ATU-nun 5 saylı tədris binasının qarşısında təşkil olunub. Məşqə cəlb olunan şəxsi heyətlə metodiki toplanış keçirilib. Toplanış məşqində müxtəlif manqalar - rabitə və xəbərdarlıq, mühəndis-kəşfiyyat, xilasedicilər, yanğınsöndürənlər, sanitar manqasının üzvləri, həmçinin mühafizə qurğularına xidmət edən dəstənin, MM qəza-bərpa dəstəsinin, radiasiya və kimya müşahidəsi postunun üzvləri iştirak ediblər.
Məşqdə Mülki Müdafiə qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi, təchizatı, rabitə və xəbərdarlıq sisteminin hazırlığı yoxlanılıb və təkmilləşdirilməsinə dair təkliflər verilib.
Məşqin nəticələri barədə hesabat sənədləri tərtib olunub. Hesabat Nəsimi rayon fövqələdə hallar və mülki müdafiə şöbəsinə təqdim ediləcək.