Bu ilin oktyabrından etibarən Azərbaycan Tibb Universitetində (ATU) APAPTOS İntellektual Oyunlarına start verilib. APAPTOS Oyun Klubunun rəhbəri Ziya Mehdilinin sözlərinə görə, bu intellektual yarışma tələbələr arasında çox populyardır:
“Oyunlara qatılmaq istəyənlərin sayı olduqca çoxdur, 100-dən çoxdur. Yarışma 6 əsas və 2 ehtiyat oyunçudan ibarət komandalar arasında keçirilir. Hazırda 20 komandamız var. Yarışların əsas məqsədi tələbələrdə intellektual oyunlara həvəs yaratmaqdır. Həmçinin, hər sahəni əhatə edən suallar sayəsində gənclərin dünyagörüşünü artırmaqdan ibarətdir”.
Qeyd edək ki, APAPTOS İntellektual Oyun Klubu 2015-ci ildən ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində yaradılıb. Azərbaycanın bir çox universitetləri - ADA, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, İqtisadiyyat Universiteti, İdman Akademiyası və digər ali məktəblər bu oyunlarda iştirak edir.
ATU-da APAPTOS yarışları oktyabr ayından start götürüb. Oyunlar bütün universitetlərdə eyni gün və eyni saatda keçirilir. Yarışlar semestrlərə müvafiq dövrlərdə keçirilir. Hər komandaya 24 sual verilir. Universitet səviyyəsində yüksək xal toplayan komanda ümumi respublika üzrə yarışa qatılır və finalda konkret universitetin komandası qalib seçilir.
Yarışlar hər şənbə günü saat 12:00-da ATU-nun tələbə yeməkxanasında təşkil olunur.