Bundan bir neçə gün əvvəlki məlumatın davamı kimi qeyd edirik ki, erkən yaşından ağzını tam aça bilməyən uşağın valideyinləri ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Klinikanın üz-çənə cərrahiyyəsi şöbəsində aparılan müayinə nəticəsində 4 yaşlı uşağa «Anadangəlmə gicgah-çənə oynağının ankilozu» diaqnozu qoyulub. Belə patologiyaların ağırlığı üz nahiyyəsində olan qüsurla yanaşı həyati əhəmiyətli funksiyanın pozulmasına, uşağın qida qəbulundan məhrum olması nəticəsində tam gücsüz hala düşməsinə gətirib çıxarıb. Burada müalicə usulu kimi rekonstruktiv əməliyyatın aparılamasına qərar verilib. Məsələnin mürəkkəbliyi uşağın yaşı və ağzının tam açılmaması səbəbindən narkozun verilməsinin çətinləşməsindən ibarət idi. Belə hallarda adətən narkoz verilməsi üçün nəfəs yollarında əlavə cərrahi əməliyyat(traxeotomiya) aparılır.
Xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasında üz-çənə cərrahiyyəsi şöbəsində yerləşdirildi və mütəxəssislərin iştirakı ilə geniş şəkildə konsilium keçirildi.
Əməliyyata ATU-nun üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi altında kafedranın assistenti İsmayıl Fərzəliyev və təcrübəli mütəxəssislər, anestezioloqlar Canəli Nəbiyev və Səbuhi Xudakərimov cəlb olundu.
Professor Ç.Rəhimov bildirdi ki, belə əməliyyatların effektivliyi dəqiq əməliyyatönü planlaşdırmadan asılıdır və burada yüksək texnologiyalardan istifadə edərək cərrahi əməliyyatın virtual izlənilməsi və dəqiq ölçülərin aparılması lazımdır.
Nəfəs yollarında əlavə cərrahi əməliyyatdan -traxeyada xüsusi bir dəlik açılmasından- qaçmaq üçün endoskopik üsulla burun yollarından narkoz verildi.
Əməliyyat zamanı kəllə əsası ilə sümük birləşməsi yaradan, degenerasiyaya uğramış gicgah-çənə oynağı kəllə sümüklərindən ayırılaraq tamamilə götürülüb və nəticədə ağzın açılmasına nail olunub. Oynağın funksiyasının bərpası üçün autotransplantatdan istifadə edilib. Bunun üçün xəstədən götürülmüş qabırğanın həm sümük, həm də qığırdaq hissəsi yeni oynaq kimi formalaşdırırlıb və qüsur sahəsinə yerləşdirilərək çənə sümüyünə birləşdirilib. Əməliyyatdan sonra ağız tamamilə açıldı. Professor Ç.Rəhimov bildirdi ki, pasiyentdə çənə sümüyünün oynaqda iştirak edən hissəsikəllə əsasına birləşmişdi: “İlk öncə onu kəllə əsasından qopardıq. Ondan sonra çənə açılmağa başladı. Amma oynaq başı olmadığına görə çənə açılanda yan tərəfə yerini dəyişəcəkdi. Ona görə də həmin hissəyə qabırğadan götürüb, yerləşdirdik. Əməliyyatdan sonra çənə tam funksiyalarını bərpa edib. Xəstə 2-3 gün stasionar müşahidəsindən sonra evə yazılıb”.