Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə “Narkomaniyaya YOX deyək!” şüarı altında seminar keçirilib.
Seminarı universitetin tədris işləri üzrə prorektoru professor Sabir Əliyev açıb. S.Əliyev tədbir təşkilatçıları və iştirakçılarını salamlayandan sonra hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə gəncliyin formalaşması, sağlam həyat tərzinin yaxşılaşdırılması məsələsinə həmişə diqqət və qayğının göstərildiyini qeyd edib. Gəncliklə bağlı aparılan siyasətin bu gün uğurla davam etdirildiyini bildirib. ATU-nun ölkənin digər ali təhsil ocaqlarından fərqləndiyini və hər il 400-dən artıq tələbənin 600-dən yuxarı bal toplayaraq Tibb Universitetinə qəbul olduğunu diqqətə çəkən prorektor, narkomaniya əleyinə təşkil olunmuş belə tədbirlərin ATU-da təşkil olunmasının əhəmiyyətinə də toxunub.
Sonra söz Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Zaur Əliyevə verilib. Rəis ölkədə, o cümlədən, Bakı şəhərində narkomaniyanın vəziyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. O, ölkədə 11 min 700 narkomanın Respublika Narkoloji Mərkəzində qeydiyyatda olduğunu və onların sayının ilbəil artdığını təssüfləndirci hal kimi qeyd edib. Z.Əliyev işğal olunmuş ərazilərimizdə - Dağlıq Qarabağ ərazisində onlarla narkoloji məntəqələrin, müxtəlif narkoloji laboratoriyaların fəaliyyət göstərdiyini və oradan da onların Rusiyaya və digər xarici ölkələrə göndərdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb, əldə olunan gəlirlərin müharibələrə və insan tələfatına yönləndirildiyini təəssüf hissi ilə bildirib.
Sonra Suraxanı rayon 33-cü Polis Bölməsinin rəisi Tuncay Abasov çıxış edib. O, Amertika, Avropa və digər inkişaf etmiş ölkələrdə narkomaniyanın vəziyyəti ilə bağlı geniş məlumat verib. Narkomaniya əleyhinə videroliklər və süjetlər nümayiş olunub. Ölkəmizdə də dövlət tərəfindən bu istiqamətdə aparılan mübarizədən və onun nəticələrindən söz açılıb. Tədbir zamanı bir sıra təkliflər səsləndirilib və tələbələlin suallarına cavablar verilib. Bu kompaniyanın digər təhsil ocaqlarında da davam etdiriləcəyi vurğulanıb.