Əczaçılıq fakültəsində 3 yeni müasir laboratoriya yaradılır

İnsanların sağlamlığının qorunmasında əczaçıların da rolu böyükdür. Müalicə zamanı düzgün dərmanların təqdim olunması, xəstələrə düzgün məsləhətlərin verilməsi böyük önəm daşıyır. Qürurla qeyd etmək istəyirik ki, respublikamızın müalicə-profilaktika, aptek şəbəkələrində fəaliyyət göstərən əczaçı kadrların demək olar ki 98 faizi  Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsinin məzunlarıdır.

 

Fakültənin dekanı, professor Tahir Süleymanov bildirir ki,

1939-cu ildə ölkədə ilk dəfə olaraq, əczaçılıq institutu açılıb. 1941-ci ildə müharibədən sonra kadr çatışmamazlığı səbəbindən Azərbaycan Dövlət Əczaçılıq İnstitutu fakültə kimi ATU-nun daxilinə keçirilib. Elə fakültənin tarixi həmin dövrdən başlayır.

 

-Tibb Universitetində əczaçılıq fakültəsinin çəkisi hansı dərəcədədir?

-Fakültəmizdə bu  günədək yüksək ixtisaslı, ali təhsilli əczaçı mütəxəssislər hazırlanıb. Onlar ölkəmizin aptek şəbəkələrinə, müalicə-profilaktika tərkibində olan apteklərdə çalışırlar. Qeyd edim ki, fakültə tək Azərbaycan üçün yox, sovet ittifaqı dönəmində Türkmənistan, Ermənistan, Özbəkistan kimi müttəfiq ölkələrin əczaçı kadr hazırlığı ilə də məşğul olub.

 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra beynəlxalq əlaqələrimiz genişləndi və bizim fakültəyə digər ölkə vətəndaşları da təhsil almağa gəldilər. Bunlar arasında əsasən qonşu İran, Türkiyə və İraq vətəndaşları üstünlük təşkil edir. Müstəqillik dönəmində 250-dən artıq əcnəbi vətəndaş ATU-nun əczaçılıq fakültəsinin məzunu olub.

 

-Fakültədə tədrisin təhsili haqqında nə demək olar?

-Universitetimizdə olduğu kimi əczaçılıq fakültəsində də tədrisin təşkili Bolonya prinsipinə əsasən aparılır. Fakültəmizdə təhsilin istənilən pilləsində olan tələbələrimiz qarşılıqlı mübadilə proqramlarının üstünlüyündən faydalanırlar. Onlar arasında Türkiyədə, İspaniyada təhsil alanları çoxdur.

Bu arada qonaqlarımız da çox olur. Xüsusilə Türkiyə universitetlərindən mütəxəssislər dəvət edirik. Bununla yanaşı, Böyük Britaniyanın University School of London  universitetinin əczaçılıq fakültəsindən qonaqlarımız olub.

ATU-nun əczaçılıq fakültəsində 120 nəfər işləyir, 390 tələbəmiz var. Burada dərs deyən müəllimlərin 70 faizinin elmi dərəcəsi var.

 

-Tahir müəllim,əczaçılığın tədrisində laboratoriyalar böyük önəm daşıyır. Tələbələrin praktikası üçün hansı növ labortariyalar fəlaiyyət göstərir?

 

-Əczaçılıq fakültəsinin ixtisas kafedralarında, xüsusilə-  əczaçılıq texnologiyası, farmokoqnoziya, əczaçılıq kimyası kafedralarında uzun illər respublikamızın təbii sərvətlərinin tədqiq edilməsi, yeni vasitələrin yaradılması istiqamətində ayrı-ayrı planlar əsasında elmi-tədqiqat işləri aparılıb. Lakin bu işlərin praktikada tətbiqi bugünki tələblərə cavab vermir. Belə hallarda tədqiqatçıları günahlandırmaq düzgün olmaz. Çünki bu sistemləşmiş, vahid bir klon əsasında aparılmalıdır. Təşkilati cəhətdən bu işlərə müəyyən istiqamət verilməlidir.

 

Bu baxımdan, dekan olaraq fəaliyyətə başladıqdan sonra qarşıda duran əsas problemlərdən biri də bu proseslərin vahid bir klon əsasında aparılmasının təşkili oldu. Bu məqsədlə fakültə əməkdaşlarından bir qrupu qrant layihəsinin alınması istiqamətində işlərə başladıq. Və 2014-cü ilin yekunlarına görə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant layihənin, qrant-pilot layihənin qalib olduq.

 

Layihənin əsas məqsədi, respublikanın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin yaradılması üçün müasir əczaçılıq laboratoriyalarının yaradılması, dərman vasitələrini hazırlamaq üçün lazımi müasir avadanlıqların təchizi və onların çalışması üçün müasir şəraitin qurulmasından ibarətdir.

 

-Yeni laboratoriyaların üstünlüyü nədən ibarət olacaq? Burada tələbələr hansı sahəyə uyğun tədqiqatlar apara biləcəklər?

 

-Hələlik 3 istiqamətdə laboratoriyaların yaradılması nəzərdə tutulub: Fitokimyəvi laboratoriya, əczaçılıq Kimyası laboratoriyası və əczaçılıq kimyası standartlaşdırma laboratoriyası. Bu bölmələr ixtisasımıza uyğundur. Belə ki, təbii mənbələrdən bioloji fəal maddələr alınması, fitokimyəvi laboratoriyasında həyata keçirləcək.

 

Fitokimyəvi laboratoriyada bu mənbələrdən bioloji fəal maddələr almaq üçün şöbəyə müxtəlif vakum buxarlandırıcı, reafilizator, xromotoqrof kimi avadanlıqlar alınıb.

İkinci şöbə - əczaçlıq texnologiyası laboratoriyası  şöbəsidir. Burda ilkin mənbələrdən alınmış bioloji fəal maddələrin müxtəlif dərman formalarına  salınması nəzərdə tutulub. Bu dərman formalarını həyata keçirmək üçün  tabletpres, kapsulyator, nanoemosiya aparatı və digər köməkçi avadanlıqlar  bu laboratoriya üçün alınıb. Alınmış və müxtəlif dərman formalarına salınmış bioloji fəal maddələrin keyfiyyətinə nəzarət üsulunun yaradılmasını əczaçılıq kimyası standartlaşdırma şöbəsi həyata keçirəcək. Bu şöbədə də əczaçılıq analizləri aparmaq üçün bütün növ yeni avadanlıqlar alınıb, quraşdırılıb. Məsələn: yüksək keyfiyyətli maye xromatoqrafı, masspektrlər, qaz xromotoqrafları, pliametr kimi cihazlar alınıb.

 

Qeyd edim ki, qrant layihəsinin müddəti 2 ildir və 2017-ci ilin fevralında başa çatacaq. Hazırda işlərin 95 faizi yerinə yetirilib. Laboratoriyalarda avadanlıqların qurulması üçün universitet tərəfindən otaqların təmiri, su-elektirk-kanalizasiya xətlərinin yenilənməsi, avadanlıqların gətirilməsi, avadanlıqlara uyğun stol-stulun alınması, avadanlıqların quraşdırılması, avadanlıqlara iş üzrə treyninqlərin təşkili kimi işlər yerinə yetirilib.  Bu laboratoriyalardan artıq tələbələrimiz və müəllimlərimiz dərslər üçün, mütəxəssislər isə elmi işləri üçün rahatca istifadə edə bilirlər.