ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Fəxri Fərmanla təltif edilib
Bakıda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı keçirilib.
 
Gənclər və İdman Nazirliyinin təşkil etdiyi konfrans Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunub. Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlar, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
 
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, ölkənin 25 ildə əldə etdiyi uğurlardan biri də vətənpərvər gənclərin yetişməsidir. Gənclər və idman naziri Azad Rəhimov gənclər və idman sahəsində 25 ildə əldə olunan uğurlardan bəhs edib. Nazir vurğulayıb ki, ölkə əhalisinin 27 faizini gənclər təşkil edir.
 
Konfransda, həmçinin gənclər arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliğ edilməsi istiqamətində görülən işlər barədə danışılıb.
 
Tədbirdə Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tural Əzizov “Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində” göstərdiyi fəallığa görə Fəxri Fərmanla təltif edilib.