Noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunmuş “Tarixin sirləri” universitetlərarası məntiqi intellektual komanda oyunu keçirilib. “Code Tusi” və Azərbaycan Milli Tarixi Muzeyinin təşkilatçılığı ilə baş tutan oyunda Azərbaycan Tibb Universitetinin tələbələri ən yüksək nəticə ələ edərək qalib gəliblər.
ATU komandasının üzvü İsmayıl Əliyevin sözlərinə görə, yarışmada 36 komanda qeydiyyatdan keçib. Onlardan yalnız 6 komanda seçim turuna vəsiqə qazanıb: “Belə yüksək nəticə göstərən komandalardan biri də ATU tələbələri oldu. Komandalar 5 nəfərdən ibarət idi. Yarışmanın əsasını 8 sual təşkil edirdi. Suallar tarixi, məntiqi və intellektual biliklərə əsaslanırdı”.
Məntiq və diqqət tələb edən yarışmada sualları ən tez və düzgün, daha dolğun cavablandıran komanda kimi ATU komandası qalib çıxıb. Tibb Universitetinin komandasının kapitanı Leyla Hüseynova, digər üzvləri Mirzeynal Hüseynov, Həyat Quliyeva və Rəşid Qaçabəyov olublar. Qaliblər medal, diplom və Nəsrəddin Tusiyə həsr olunmuş xüsusi kitabla mükafatlandırılıblar.
Qeyd edək ki, yarışmadan öncə tələbələr üçün Milli Tarixi Muzeyinə ekskursiya təşkil olunub. 10 illik təcrübəyə malik “Code Tusi” məntiqi intellektual komanda oyunudur. Oyunun əsas mahiyyəti kodlaşdırılmış açarların tapılmasıdır.