Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ATU və Elsevier Clinical Solutions kompaniyası arasında ikitərəfli əməkdaşlıq haqda saziş imzalanıb.
Öncə Clinical Key elektron kitabxanasının təqdimat mərasimi keçirilib.
Mərasimi açıq elan edən ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru dosent Rəhimə Qabulova Elsevier Clinical Solutions kompaniyası ilə əməkdaşlığın artıq iki ildir ki, davam etdiyini bildirib.
Bu əməkdaşlıq çərçivəsində qeyd edilən mənbənin satış meneceri Atilla İkinci və Gemini şirkətinin ölkəmizdəki rəsmi təmsilçisi Eda Özdemiroğlu bu gün universitetimizdə qonaq olublar.
Rəhimə Qabulova şirkət tərəfindən həkimlərə və rezidentlərə çox gözəl şərait yaradıldığını da diqqətə çatdırıb.
“Biz Elsevier şirkətinin bazasına daxil olaraq ödənişsiz istifadə imkanı əldə etmişik. Eyni zamanda tədris və elmi tədqiqatlar üçün vacib olan, sübuta əsaslanmış ən son məlumatlar burada yer alıb”.
Rəhimə Qabulova onu da qeyd edib ki, bu kompaniya ilə əlaqələrimiz gələcəkdə daha da genişlənəcək və daha böyük işlərə imza atılacaq.
Daha sonra çıxış edən Elsevier şirkətinin satış meneceri Atilla İkinci yaradılan şəraitə görə ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərova və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nadir Zeynalova minnətdarlığını bildirib.
Atilla İkinci Elsevier kompaniyası olaraq gördükləri işlərin əsas mahiyyətindən, burada daha keyfiyyətli tibbi məlumatların yer almasından, həkimlərin dünyanı dəyişdirə biləcək yeni kəşflərlə tanış ola biləcəklərindən də danışıb.
Satış meneceri Elsevier-in bütün dünyada məşhur olan bir kompaniya olduğunu da diqqətə çatdırıb və bildirib ki, kompaniyanin təmsilçisi Gökhan Baykal bir həftə ərzində Universitetin Klinikalarında olaraq həkimləri maraqlandıran suallara cavab verəcək.
Daha sonra ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov çıxış edib.
Rauf Bəylərov bu işbirliyinin qurulmasında Rəhimə Qabulovanın xüsusi rolunun olduğunu bildirib və qeyd edib ki, layihə gələcəkdə öz töhfəsini verəcəkdir.
“Mən inanıram ki, Elsevier şirkəti ilə əməkdaşlığımız uzun müddətli olacaq. Çünki, biz onlara şərtlərinə və Clinical Key çıxışlarına görə üstünlük verdik. Həkimlərin və rezidentlərin işinin asanlaşdırılması baxımından bu layihə çox faydalı olacaq”.
Sonda Elsevier tərəfindən Clinical Key-dən pulsuz istifadə etmək imkanı ilə bağlı Azərbaycan Tibb Universiteti ilə Elsevier Clinical Solutions arasında Anlaşma Memorandumu da imzalanıb.