Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında İsrailin ölkəmizdəki səfirliyinin dəstəyi ilə bu ölkənin Ben-Qurion Universitetinin əməkdaşlarının keçirdiyi “Düzgün kliniki Praktika” (Good Clinical Practice) seminarının açılış mərasimi olub.
Klinikanın direktoru, professor Dr.Surxay Hadıyev tədbir iştirakçılarına seminar barədə məlumat verib. O bildirib ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsi klinik tədqiqatlar səhəsində çalışan alimlərin elmi fəaliyyətlərinin inkişafında böyük rol oynayacaq.
ATU-nun BeynəlxalqƏlaqələr prorektoru Dr. Rəhimə Qabulova qonaqları auditoriyaya təqdim edib. O, İsrailin ali təhsil ocaqları ilə elm və təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.
Seminarın keçirilməsinə dəstək olan İsrailin ölkəmizdəki səfirliyinin nümayəndəsi, səfirin müavini cənab Amir Rom da əlavə edib ki, Azərbaycan-İsrail əməkdaşlığı tək bu istiqamətdə deyil, həmçinin gələcəkdə universitetlər arasında həkim-tələbə mübadiləsi sahəsində də inkişaf etdirilməlidir. Cənab Romun sözlərinə görə, Ben Qurion universiteti və ATU arasındakı əməkdaşlıq Azərbaycanda anadan olmuş və hazırda İsraildə həmin universitetdə fəaliyyət göstərən Dr Aleks Geftlerin təşəbbüsü ilə başlayıb.
Seminar İsrailin Ber-Şeva şəhərində yerləşən Moşe Soroka adına Universitet Tibb Mərkəzinin Elmi Araşdırmalar Mərkəzinin koordinatoru Aviva Qrosbard və Tibb Mərkəzinin Administrasiyasının əməkdaşı Naomi Amixayın mühazirələrinin çıxışı ilə davam edib. Onlar qeyd ediblər ki, bu tibb ocağı ölkədə ən böyük elmi və klinik mərkəzlərdən biridir və hazırda burada tibbin müxtəlif istiqamətlərini əhatə edən 1000-dən artıq klinik tədqiqat aparılacaq.
Üç gün davam edəcək seminarda universitet əməkdaşları ilə birgə Səhiyyə Nazirliyi, Respublika Diaqnostika Mərkəzi, Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları da iştirak edirlər.