Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İctimai Sağlamlıq Departamentinin Direkroru xanım Maria Neira tərəfindən Azərbaycan Tibb Universitetinə ünvanlanan məktubunda ATU-nun ÜST-ün Kimyəvi Risklərinin Qiymətləndirilmə Şəbəkəsinin üzvü olması barədə rəsmi açıqlama verilib.
Azərbaycan Tibb Universitetinin ÜST Şəbəkəsi ilə əlaqə koordinatoru dosent İsmayıl Əfəndiyevin verdiyi məlumata görə kimyəvi təhlükəsizlik – XXI əsrin qlobal problemlərindən biridir. 10 milyona qədər müxtəlif kimyəvi maddələrin ətraf mühütdə toplanması nəticəsində son onillikdə bütün dünyada kəskin və xroniki zəhərlənmə problemi xüsusi aktuallıq kəsb edib. Bu maddələrin çoxu sənayedə, kənd təsərrüfatında və məişətdə, başqa sözlə, bilavasitə insanlarla kontakt sferasında istifadə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə təxirəsalınmaz yardıma görə stasionara təcili daxil olanların 15-20%-ni kimyəvi etiologiyalı kəskin zəhərlənmələrə məruz qalan şəxslər təşkil edir. İl ərzində 350.000-dən artıq insan isə ancaq təsadüfi zəhərlənmədən ölür. Bundan başqa hər il dünyada ölümlə nəticələnən 1.000.000 suiqəsdlərin təqribən ¼-i müxtəlif kimyəvi maddələrin qəbulu ilə əlaqədardır.
ÜST-ün təyininə uyğun olaraq zəhərlənməyə nəzarət anlayışına potensial təhlükəli maddələrin aşkar olunması, onların qeydiyyatı, öyrənilməsi, kimyəvi maddələrin insan orqanizminə toksiki təsir riskinin azaldılması, həmçinin kəskin kimyəvi zəhərlənmənin profilaktikası, diaqnostikası, müalicəsi, onların statistik uçotu və proqnozlaşması daxildir.
Hal-hazırda ÜST-ün Kimyəvi Risklərin Qiymətləndirilmə Şəbəkəsinə 59 ölkənin 100-dən artıq təhsil, elmi-tədqiqat və tibb müəssisələri daxildir. Azərbaycan Tibb Universitetinin bu Şəbəkənin üzvlüyünə qəbul olunması ali təhsil ocağının beynəlxalq nüfuzunun atmasının göstəricisidir və gələcəkdə Ümumdünya Səhiyyə Təşkilatının geniş potensialından istifadə edilərkən, şübhəsiz ki, bütün bunlar Azərbaycan əhalisinin kimyəvi risklərlə üzləşmələrinin azaltmasına imkan verəcəkdir.