Noyabrın 25-də ESCMID beynəlxalq əlaqələr şöbəsinin müdiri, prof. Cuzeppe Cornaglia ATU-da qonaq olmub. Əvvəlcə Mikrobiologiya və immunologiya kafedrasında olan xarici qonaq II müalicə-profilaktika fakultəsinin III kurs tələbələrinə müasir təbabətin qlobal problemlərindən birinə - mikroorqanizmlərin dərman davamlılığına həsr olunmuş maraqlı mühazirə oxumub.
Sonra Tədris Terapevtik Klinikada Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar Cəmiyyətinin üzvləri, Mikrobiologiya və immunologiya kafedrasının, ATU klinikalarının, eləcə də Bakı şəhərinin müxtəlif klinikalarının infeksion nəzarət şöbələrinin əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masanın aparıcısı, Mikrobiologiya və immunologiya kafedrasının dosenti, ESCMID-in Azərbaycan üzrə nümayəndəsi dosent Vidadi Nərimanov hörmətli qonağı və tədbir iştirakçılarını təqdim edib. ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rəhimə Qabulova və Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar cəmiyyətinin sədri, AMEA-nın müxbir üzvü prof. Zakir Qarayev qonagı salamladıqdan sonra ESCMID və Azərbaycan arasındakı əlaqələrin müasir vəziyyəti, onun inkişaf perspektivləri və yolları müzakirə edilib. Professor C.Cornaglia ESCMID ilə ATU arasındakı gələcək münasibətlərin əhəmiyyətinə toxunaraq bu cəmiyyətin xüsusilə gənclərin cəlb olunması ilə Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər üzrə mütəxəssislər hazırlanmasına yardım etməyə hazır olduğunu qeyd edib.
Dəyirmi masada ESCMID-in beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Dr. Ədalət Abdullayev, EUCIC (Europian Committee on İnfection Control) Azərbaycan nümayəndəsi prof. A.Qurbanov iştirak ediblər.