Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrasının Elmi-tədqiqat Ağciyər Xəstəlikləri Institutu ilə birgə planlaşdırdığı “Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar - genetik mutasiyalarının tədqiqi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalib layihələrinin siyahısına daxil edilmişdir. Belə ki, ATU-nun Ftiziatriya kafedrasının müdiri dosent Rafiq Bayramovun da iştirak etdiyi layihə çərçivəsində aparılacaq tədqiqatın məqsədi – Azərbaycan Respublikasının müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə rast gəlinən vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqidir.
Layihə çərçivəsində aşağıdakı istiqamətlər üzrə fəaliyyətlər nəzərdə tutulub:
- Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar – genetik tədqiqi;
- Ölkədə rast gəlinən vərəm ştamlarının izolyantları muzeyinin yaradılması;
- Vərəm mikobakteriyalarının genetik mutasiya xüsusiyyətləri və yayılma intensivliyi, həmçinin dərmanlara davamlılıq spektri göstərilməklə ilk epidemioloji xəritənin tərtibi;
- Vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması;
- Ölkə üzrə vərəm infeksiyasına epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması.
Azərbaycan Respublikasının müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqi vasitəsi ilə erkən diaqnostika və epidemioloji nəzarət tədbirlərinin təkmilləşdirilməsi layihənin əsas elimi tədqiqat ideyasıdır.