Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın 2 dekabr 2016-cı il tarixli 28 saylı iclası keçirilib.
İclası açan klinikanın direktoru professor Hüseyn Qabulov gündəlikdəki məsələlərlə şura üzvlərini tanış edərək bildirib ki, iclasda əsasən cari ilin keçən ay ərzində klinikanın fəaliyyəti haqqında və mövcud problemlərin həlli yollarının araşdırılması ilə bağlı müzakirələr aparılacaq.
H. Qabulov bildirib ki, noyabr ayı ərzində Klinikanın bütün şöbə və struktur bölmələrinin fəaliyyəti ilə tanış olub.
“İlk olaraq onu qeyd etmək istəyirəm ki, 2011-ci ildən klinikada çox mühüm və lazımlı işlər görülüb. Buna görə Klinikanın bütün kollektivinə, o cümlədən klinikamıza rəhbərlik etmiş professor Surxay Musayeva təşəkkür etməyi özümə borc bilirəm. Eyni zamanda bir müddət direktor vəzifəsində çalışan Könül xanımın da zəhmətini qeyd etməyə bilmərəm.
Hesab edirəm ki, görülən mühüm və lazımlı işlər davam etdirilməli və zamana uyğun təkmilləşdirilməlidir. Bu bizim fəaliyyətimizin əsas prinsiplərindən biridir.
İkinci vacib və prioritet məsələ klinikamızın personalının səmərəli çalışması üçün mümkün şəraitin yaradılmasıdır. Bu istiqamətdə imkanımız daxilində işlər görürük. Digər vacib məsələ isə tələbə və rezidentlərə nəzəri biliklərlə yanaşı praktik vərdişlər də tədris etməkdir. Bunun üçün də tələbə mümkün qədər daha çox xəstə görməlidir”.
Digər tibb ocaqlarından fərqli olaraq klinikamızın unikal imkanları var və biz bu imkanlardan geniş istifadə etməliyik deyən, H. Qabulov klinikanın rəqabət imkanlarının genişləndirilməsi baxımından vacib sahələrdə görülən işlərin hazırki vəziyyətə uyğun qurulmasının məqsədəuyğun olduğunu da diqqətə çatdırıb.
Gündəlikdə olan birinci məsələ ilə bağlı direktorun müalicə işləri üzə müavini dosent Adil Nuriyevin çıxışı dinlənilib.
O, klinikanın noyabr ayındakı müalicə-diaqnostik fəaliyyəti ilə bağlı hesabatı şura üzvlərinin diqqətinə çatdırıb.
Noyabr ayı ərzində klinikanın şöbələrində stasionar və gündüz rejimində müalicə alan pasiyentlər barədə ətraflı məlumat verən A. Nuriyev, oktyabr ayı ilə müqayisədə noyabrda xəstə sayının qəbulunda artım olduğunu söyləyib.
Pulmonologiya, Allerqologiya və Nefrologiya, Endokrinologiya, Qastroenterologiya, Angioqrafiya, Pediatriya şöbələrinin fəaliyyətini xüsusi qeyd edən A.Nuriyev, adı çəkilən şöbələrin daha çox xəstə qəbul etdiyini də diqqətə çatdırıb.
O, eyni zamanda 2015-ci ilin noyabr ayı ilə müqayisədə cari ilin noyabrında xəstə sayının qəbulunda artımın müşahidə olunduğunu da bildirib.
Daha sonra USM həkimi Mətanət Musayevanın Sonoelastoqrafiya müayinəsi ilə bağlı çıxışı dinlənilib.
Sonoelastoqrafiyanın üstünlükləri barədə danışan həkim bunun biopsiyaların sayını azaltmağa imkan verdiyini və bununla da pasiyentlərin stress səviyyəsini azaltdığını vurğulayıb.
Sonoelastoqrafiya müayinəsinin qaraciyərin sərtliyini ölçərək bu orqanın fibroz mərhələsini təxmin etdiyini və fibrozun erkən dövrdə müəyyən olunması baxımından əhəmiyyət daşıdığını da qeyd edib.
İclasda çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov Tomson Reyters veb of science-də həkimlərin və rezidentlərin tibbi biliklərinin təkmilləşdirilməsi baxımından burada ingilis, rus, türk dillərində yer alan elmi məqalələrin onların tibbi biliklərinin inkişafı baxımından zəruri olduğunu bildirib.
İclas cari məsələlərin müzakirəsi ilə işini yekunlaşdırıb.