İllinoys Universitetinin nümayəndə heyəti ATU-nun qonağı olub

Çikaqodan olan neyrocərrah, professor Konstantin Slavin: “Vaxtilə Tibb Universitetinin tələbəsi olduğuma görə qürur duyuram”

 

Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq əlaqələrini genişləndirir. Ali məktəb dünyanın müxtəlif nöqtələrində yerləşən universitetlərlə əməkdaşlıq edir, həmçinin yeni tərəfdaşlarla münasibətlər qurur. Artıq daha nüfuzlu bir elmi müəssisə ilə ATU arasında əlaqələrin qurulmasına başlanılıb. 

 

Bu gün Çikaqonun  İllinoys  Universitetinin təmsilçiləri ATU-nun qonağı olublar.

İllinoys Universitetinin sağlamlıq üzrə inkişaf prorektoru Robert Barişin rəhbərlik etdiyi nümayəndə heyəti universitetlə tanış olub, rəhbərliklə görüşüb.

 

Görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara Azərbaycanın yeganə tibbi ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Professor qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ATU da inkişaf yoluna qədəm qoyub. Hazırda Tibb Universiteti nəinki ölkəmizdə, ümumiyyətlə regionda tibb təhsili verən ən güclü ali müəssisələrdən biridir. Rektor vurğulayıb ki, Tibb Universiteti yalnız ali məktəb deyil, həm də güclü elm ocağı və müalicə mərkəzi kimi fəaliyyət göstərir. Belə ki, Universitet nəzdində müxtəlif istiqamətlərdə fəaliyyət göstərən dörd müasir klinika fəaliyyət göstərir. Rektor G.Gəraybəyli ATU-da tələbələrlə yanaşı, rezidentlər üçün yüksək tədris şəraiti yaradıldığını bildirib.

 

İllinoys Universitetinin prorektoru Robert Bariş Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib, qonaqpərvərliyə görə ATU rəhbərliyinə təşəkkürünü bildirib. Prorektor Bariş İllinoys Universitetinin Çikaqonun ən böyük ali məktəbi olduğunu qeyd edib. Qonaq universitetdə hər il 28 min nəfərin təhsil aldığını bildirib və qeyd edib ki, bunlardan 17 mini tələbələrdir: “İllinoys Universiteti tibb təhsili sahəsində ən məşhur elm ocaqlarından biridir. Elmi araşdırmalara ayrılan vəsait baxımından İllinoys Universiteti ABŞ üzrə ilk 50 yerə daxildir. İllinoys Universiteti 3 tibbi kollecin birləşdirilməsi ilə yaradılıb”.

 

İllinoys Universitetinin oftalmologiya fakültəsinin dekanı, professor Mark Rosenblatt da təmsil etdiyi elmi təhsil müəssisəsinin strukturu, fakültələrin fəaliyyəti, mövcud tədris prosesi və digər məsələlər haqqında geniş məlumat verdi. O, ATU ilə tanışlığından məmnun olduğunu bildirərək buradakı şəraiti bəyəndiyini söylədi.

 

İllinoys Universitetin neyrocərrahiyyə şöbəsinin professoru Konstantin Slavin isə vaxtilə Azərbaycan Tibb Universitetində təhsil aldığını xatırladaraq bununla qürur duyduğunu bəyan etdi. O, ATU-dakı təhsil illərini xatırlayaraq, həmin dövrdən fəxrlə danışdı. Qeyd etdi ki, həmin illər təhsil üçün indiki qədər yaxşı şərait yox idi. Və bu illər ərzində Azərbaycanın hər sahəsində olduğu kimi səhiyyə və tibb sahəsində də ciddi uğurlar əldə olunub.

 

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov ali məktəbin dünyanın bir çox nüfuzlu universitetləri ilə əlaqələrindən söz açdı. Qonaqların ATU-nun Tədris-Cərrahiyyə Klinikası ilə tanış olduqları qeyd olundu. ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov universitetdə aparılan elmi araşdırmalar barəsində amerikalı nümayəndəlrəə məlumat verdi.

 

Görüşün sonunda Azərbaycan Tibb Universiteti və Çikaqonun İllinoys Universiteti arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq sazişinin imzalanması məsələsi müzakirə olundu. Gələcəkdə universitetlər arasında qarşılıqlı tələbə, rezident və mütəxəssis mübadiləsinin gerçəkləşdirilməsi məsələləri barədə fikir mübadiləsi aparıldı. Həmçinin, tədris prosesinin strukturunda da İllinoys Universitetiinn zəngin təcrübəsindən yararlanmağın faydalı olacağı vurğulandı.