Bu gün Azərbaycan Tibb Universitetində (ATU) akademik Aqil Əliyevin anadan olmasının 90-illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli akademik Aqil Əliyevin həyat və fəaliyyəti haqqında, onun müəllifi olduğu araşdırma və təşəbbüslərdən danışdı: “Elə insanlar var ki, öz dövrünü yaşayaraq nə insanların qəlbində, nə tarixdə heç bir iz qoya bilmirlər. Eyni zamanda da elə insanlar var ki, onların əməlləri, addımları, fərdi xüsusiyyətləri, əvəzsiz xidmətləri nəticəsində həm tarixdə həm də insanların qəlbində çox dərin iz qoyub. Belə tarixi ziyalılarımızın sırasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, proseffor Aqil Əlirza oğlu Əliyevin öz yeri var”.
Professor Aqil Əliyevin həyatı haqqında qısa məlumat verən rektor xatırlatdı ki, o, 1953-cü ildən etibarən həyatının sonuna qədər Azərbaycan Tibb Universitetində çalışıb. O, gənc yaşlarından öz taleyini, gələcəyini iqtisad elminin inkişafna həsr edib: “Aqil Əliyev ATU-da müəllim, dosent, professor kimi vəzifələrdə işləmiş və peşakar ali pedaqoq titulunu almışdır. O, həyatının sonuna qədər ATU-nun iqtisadi nəzəriyyə və hüququn əsasları kafedrasının müdiri vəzifəsini sevərək icra edib”.
Rektor G.Gəraybəyli qeyd etdi ki, professor Aqil Əliyevin elmiaraşdırmalarının həm sovet iqtisadiyyatı, həm də dünya iqtisadiyyatına böyk töhfəsi olub. Onun əsərlərinin ölkəmizdə bazar münasibətlərinin formalaşmasına ciddi təsiri olub. Rektor G.Gəraybəyli onu da vurğulayıb ki, akademik Aqil Əliyevin Azərbaycan elmi qarşısındakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Belə ki, A.Əliyev 1983-ci ildə əməkdar elm xadimi adına layiq görülüb, 2005-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Daha sonra AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş xatirə video çarxı nümayiş etdirildi.
Tədbirdə ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev tədbir iştirakçılarına proseffor Aqil Əliyevin elmi, pedaqoji və ictimai fəaliyyəti haqqında məlumat verdi, onu “zamanın səddini keçən görkəmli alim” kimi dəyərləndirdi: “Uzun illərdir ki, xalqımızın ən görkəmli alimləri, elm, sənət adamlarının yubileyləri davamlı şəkildə keçirilir. Məqsəd də tanınmış elm adamlarının gənc nəsil tərəfindən tanınmasına nail olmaqdır. Bu baxımdan əməkdar elm xadimi Aqil Əliyevin 90 illik yubileyini qeyd olunması böyük əhəmiyyət daşıyır. O, yaşadığı mənalı ömründə çox izlər qoyub, hansılarki bu gün zaman həddinə sığmır, özünü geniş şəkildə göstərir”.
Sonra Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edərək Aqil Əliyevin şərəfli ömür yolu ilə bağlı xatirələrini bölüşdü.
O bildirdi ki, tarixi faktlar da Azərbaycanda iqtisad elmininin hərtərəfli inkifaşında görkəmli iqtisadçıların rolunun olduğunu göstərir. Bu tarixin layiqli nümayəndələrdən biri də Aqil Əliyev olub.
Onun Azərbaycan iqtisad elmində rolu ilk növbədə onunla əlaqədardır ki, ölkəmizdə iqtisad elmində olan problemlərin həllində keyfiyyətli işlər ortaya qoyub.
“Aqil Əliyevin tədqiqatlarında iqtisadi məsələlərin dərindən araşdırılması özünü göstərir. Bunun əsas mahiyyəti iqtisadi inkişafla həyat səviyyəsi arasında əlaqənin nədən ibarət olduğunu ortaya qoyur. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması onun prioritet kimi qoyduğu məsələlər sırasına daxil idi.
Aqil Əliyev səhiyyənin iqtisadiyyatı deməklə hökuməti, iqtisadçıları, alimləri cəmiyyətdə nüfuz sahibi olan insanları cəlb edərək onları bunun da iqtisadiyyatın bir qolu olduğunu və idarə edilməsində müəyyən qanunlar çərçivəsində baxmaq lazım gəldiyini diqqətə çatdırırdı”.
Ziyad Səmədzadə bu kimi məsələrdə ciddi şəkildə geridə qaldığımız və onların həllinin böyük miqdarda vəsait tələb etdiyini də bildirdi.
“Ulu öndər Heydər Əliyev 70-ci illərdə ölkəmizə rəhbərlik edəndə Azərbaycanda səhiyyənin inkişaf etdirilməsi baxımından xəstəxanaların açılmasına şərait yaratdı. Bu gün də istər Azərbaycanda, istər digər yerlərdə səhiyyəyə qalıq prinsipi ilə baxan insanlar, məmurlar var. Dünyada bir nömrəli problem isə səhiyyədə olan axsamaların aradan qaldırılması olmalıdı. Bütün bunlar səhiyyəyə ayrılan vəsaitin hesabına daha təkmil ola bilər”.
III uşaq xəstəlikləri kafedrasının proffessoru Surxay Musayev böyük alim, böyük insan Aqil Əliyev barəsində söz deməyin çox böyük məsuliyyət olduğunu və onun hərtərəfli bir şəxsiyyət kimi tarixdə silinməz izlər qoyduğunu söylədi.
“Aqil Əliyev hər zaman arxasız, imkansız insanlara böyük arxa-dayaq olub. Böyük insan, şəxsiyyət olaraq hər birimizin xatirəmizdə yaşayacaq. Aqil Əliyev tələbələrinə çox böyük diqqət ayırar, onlara təmənnasız olaraq dəstək olardı”.
Surxay Musayev onu da qeyd edib ki, onun vəzifəyə təyin olunmağında Aqil Əliyevin sözünün çox böyük çəkisi olub.
Aqil Əliyevlə bağlı xatirəsindən danışan Surxay Musayev bu xatirənin onun yaddaşında çox gözəl izlər qoyduğunu, Aqil Əliyevin bir daha necə böyük və sadə şəxsiyyət olduğunu diqqətə çatdırdı.
“Aqil Əliyev Mərkəzi Komitənin Birinci Katibinin qardaşı idi. Amma buna baxmayaraq o bizimlə, tələbələri ilə hər zaman maraqlanar və onlara dəstək olardı. Heç kim onu məcbur etmirdi, amma o yenə deyirəm, böyük şəxsiyyət, alim olaraq gəncləri unutmurdu”.
Daha sonra Azərbaycanda Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov çıxışında Aqil Əliyevlə bağlı xatirələrinin onun həyatında unudulmayacaq izlər qoyduğunu bildirdi.
O, Aqil Əliyevin sadə və təvazökar şəxsiyyət olaraq hər kəsin qəlbində abidə olaraq qaldığını vurğuladı.
Aqil Əliyevin ailə üzvlərindən olan Zərifə Əliyeva çıxış edərək belə mötəbər tədbirin təşkilinə görə proffesor Gəray Gəraybəyliyə minnətdarlığını bildirib.
Diqqətə çatdırılıb ki, Əliyevlər yeddi övlad olaraq daima ölkəsinin, xalqının yaxşı yaşaması və rifahı naminə böyük işlər görüblər. Bu gündə cənab Prezident İlham Əliyevin və onun xanımının ölkəmizin inkişaf etdirilməsi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı gördükləri işlər göz önündədir.