ATU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib. Toplantıda universitetin professor-müəllim heyəti, millət vəkilləri, yerli icra nümayəndələri və ictimai xadimlər iştirak ediblər. ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkəmizin hər yerində olduğu kimi Azərbaycan Tibb Universiteti kollektivinin də ulu öndər Heydər Əliyevin anım gününün qeyd etməsinin vacibliyini vurğuladı.

 

Mərasimin əvvəlində ümummilli lider, dahi siyasətçi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Tədbirdə millət vəkili, Nəsimi rayon YAP-ın sədri Məlahət Həsənova çıxış edərək Ümummilli liderin unikal bir siyasi məktəb, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycanda ideoloji-siyasi irsin müəllifi sayılır. Azərbaycanın ən yeni tarixində Heydər Əliyevin xidmətlərinın sayı-hesabı yoxdur. Məhz bu müdrik siyasətçi sayəsində Azərbaycanın dayanıqlı inkişafının əsası qoyulub.

M.Həsənova vurğulayıb ki,  məhz  Heydər Əliyev Azərbaycanı həmin dövrün siyasi böhranından çıxarmağı bacarıb. Millət vəkilinin fikrincə, gənclərə Ümumilli liderin bu misilsiz xidmətləri barədə daha çox məlumat verilməlidir.

 

ATU-nun uşaq stomatologiyası kafedrasının müdiri, professor Rəna Əliyeva qeyd etdi ki, hər il Azərbaycanla yanaşı bir çox ölkələrdə müasir Azərbaycanın yaradıcısı olan Heydər Əliyevin anım mərasimləri təşkil olunur: “Tarixdən də bəllidir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndərin Azərbaycanın ərazi bütövlüyü uğrunda gördüyü işləri artıq bütün dünya etiraf edir”.

 

ATU-nun I daxili xəstəliklər və reanimatologiya kafedrasının dosenti Nağdəli Zamanov ulu öndərin nitq mədəniyyəti, dil mədəniyyəti haqqında çıxış etdi. “Universitetin 70 illik yubileyində H.Əliyev qeyd etdi ki, Azərbaycandakı elm və təhsil sahələri içərisində ən əhəmiyyətli sahə Tibb təhsilinin təşkilidir. Mən bununla demək istəmirəm ki, digər sahələr adidir, hır bir sahə vacibdir. Lakin özünü insanların sağlamlığına həsr edən həkimlərimiz ən qiymətli insanlardır”. Ulu öndər bizi ən önəmli insan, işlədiyimiz sahəni isə ən önəmli sahə adlandırıb”.

 

Sonda ATU-nun II müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Xatın Məmmədova Heydər Əliyevin ölkənin gələcəyi olan gənclərə göstərdiyi diqqət və qayğı ilə bağlı fikirlərini səsləndirdi.