Bu gün Azərbaycan Tibb Universitetində Azərbaycan Respublikasının əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Naziyə Şəmsədinskayanın anadan olmasının 90 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirildi.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli yubilyarı nəinki Azərbaycan Tibb Universitetinin, ümumiyyətlə ölkəmizin tibb ictimaiyyətinin canlı əfsanəsi adlandırdı: “Bu gün Naziyə Şəmsədinskayanın yubileyində iştirak etmək istəyənlərin sayı hədsiz çoxdur. Çünki Naziyə xanım bu illər ərzində istər Tibb Universitetinin həyatında, istər tibb elmində, istərsə də minlərlə tələbələrin ürəyində dərin bir iz qoymağı bacarıb. Onun yetişdirdiyi tələbələrin səsi uzaqlardan gəlir, onlar hələ də Naziyə xanımın müharizələrini xatırlayır. Azərbaycanda mamalıq-ginekologiya elminin inkişafında Naziyə Şəmsədinskayanın araşdırmaları, elmi tədqiqatları, əsərlərinin böyük rolu olub”. G.Gəraybəyli qeyd etdi ki, Naziyə Şəmsədinskaya görkəmli elm xadimi olması ilə yanaşı, həm də böyük ürək sahibidir. Naziyə xanımı yubileyi münasibətilə ürəkdən təbrik edən professor G.Gəraybəyli ona uzun ömür və möhkəm cansağlığı arzuladı.
ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov da təbriklərə qoşularaq, bugünki Azərbaycanda mamalıq və ginekologiya inkişafında, milli elmi kadrların yetişdirilməsində Naziyə Şəmsədinskayanın böyük rolu olduğunu qeyd etdi .
ATU-nun II mamalıq və ginekologiya kafedrasının müdiri professor Hicran Bağırova “N.M.Şəmsədinskayanın həyat və fəaliyyəti” haqqında danışdı və ona ATU-nun fəxri diplomunu təqdim etdi.
ATU-nun II cərrahi xəstəliklər kafedrasının müdiri, professoru Böyükkişi Ağayev Naziyə xanımın ATU-daki fəaliyyəti, universitet üçün gördüyü işlərdən söz açdı. “Onu ATU-nun gələcək mama-ginekoloq həkimləri, tələbələri üçün nümanə adlandırdı”.
ATU-nun urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Südeyif İmamverdiyev çıxış edərək, bu günün ümumilikdə bütün tibb ictimaiyyəti üçün əlamətdar bir gün olduğunu qeyd etdi: “Böyük Azərbaycan alimi Naziyə xanım ATU-nun hər bir nümayəndəsi üçün, hər bir gənc həkim üçün böyük bir örnəkdir. O, bütün həyatını insanların sağlamlığının qorunmasına, ölkə səhiyyəsinin tərəqqisinə həsr edib. Naziyə xanımı mən 60-cı illərdən tanımışam. Hələ özünü tanımadan, ölkəmizdə onun adını müxtəlif məqalələrdə, universitetdə tez-tez eşidirdim. 60-cı illərdə mənim onunla tanışlığım bilavasitə çalışdığım uroloji klinikadaki fəaliyyətimlə bağlı oldu”.
Təkmilləşmə institutunun mamalıq və ginekologiya kafedrasının müdiri, professor Solmaz İsrafilbəyli Naziyə xanımı çoxdan və yaxından tanıdığını bildirdi. Alim onun bacarıqlı həkim,tanınmış elm xadimi olması ilə yanaşı həm də güclü qadın kimi xarakterizə etdi.
Təkmilləşdirmə İnstitunun dosenti Samirə xanım çıxış edərək, çalışdığı İnstitutun kollektivi adından Naziyə xanımı səmimiyyətlə təbrik etdi ona, uzun ömür arzuladı.
ATU-nun qulaq-boğaz-burun xəstəlikləri kafedrasının müdiri, professor Əzizağa Talışinski yubilyara kafedra əməkdaşlarının təbrikini çatdıraraq, Naziyə xanımın qazandığı uğurların arxasında gərgin əməyin dayandığını qeyd etdi.
ATU-nun I mamalıq və ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva yubilyarı Azərbaycanda mamalıq və ginekologiya elminin canlı əfsanəsi kimi qiymətləndirdi.
Epidemiologiya kaferasının müdiri, professor İbadulla Ağayev, ATU-nun II mamalıq və ginekologiya kafedrasının dosenti Səfa Bağırova çıxış edərək, Naziyə Şəmsədinskayaya haqqında xoş xatirələrini danışdılar, onauzun ömür, cansağlığı arzuladılar. Bütün çıxışçılar, Naziyə xanımın Azərbaycan elmi üçün bir nümunə olduğunu yekdilliliklə vurğuladılar.
Yubiley təntənələrinin ardından beynəlxalq elmi konfrans ayrı-ayrı bölmələrdə öz işini davam etdirdi.