ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev imtahan-nəzarət qrupunun üzvləri ilə görüşüb. İmtahana hazırlıq işlərinin gedişatı ilə maraqlanan prorektor gələcəkdə hansısa problemlərin yaranmaması üçün imtahan nəzarətçilərinin seçiminə daha diqqətlə yanaşmağın vacibliyini vurğulayıb. Qeyd edib ki, təhsil nazirinin qərarı ilə ictimaiyyət nümayəndələri də müşahidəçi kimi imtahanın gedişini izləyə bilərlər. O, eyni zamanda rektorun əmrinə görə müvafiq kafedra müdirlərinin, professorların imtahanın gedişini izləmək hüquqlarının da olduğunu, ancaq bəzi kafedra müdirlərinin bu hüquqdan yetərincə istifadə etmədiklərini diqqətə çatdırıb.
İmtahan-nəzarət qrupunun rəhbəri, dosent Kamandar Yaqubov nəzarətçilərin üzərinə düşən konkret vəzifələrdən danışıb. Bildirib ki, onların hər biri səhər saat 9-a işləmiş nəzarət zalında olmalı, işə gələn əməkdaşlar ad və soyadlarını yazaraq imzaları ilə təsdiqləməlidir. “Belə olduğu təqdirdə şəffaflıq təmin olunur. İmtahan başlamazdan öncə biz zalda 2-3 dəqiqəlik söhbət apararaq əməkdaşın hansı zala daxil olacağını müəyyənləşdiririk”-deyən dosent imtahanların vaxtında başlanması üçün nəzarətçilərin işə məsuliyyətlə yanaşmasının vacibliyini söyləyib.
Virtual Test Mərkəzinin rəhbəri, dosent Şahin Bayramov da nəzarətçilərin üzərinə düşən vəzifələrdən danışaraq bildirib ki, nəzarətçi tələbədə mobil telefon görsə, onu dərhal imtahan zalından çıxarmalıdır: “İki tələbə eyni fəndən imtahan verərsə, yanaşı düşməməlidir. Onun sağında-solunda əyləşən tələbələr digər fənlərdən imtahan verməlidir. Nəzarətçi eyni zamanda bilməlidir ki, əgər iki sualın cavabı kompüterdə eyni, yaxud sualın cavabı səhv olarsa, o istiqamətdə tələbə ilə diskussiya aparmağa icazə yoxdur. Tələbə həmin sualı yadında saxlayıb imtahan qurtarandan sonra apelyasiya komissiyasına müraciət etməlidir. Tələbə öz səhifəsinə girəndən sonra yerini dəyişə bilməz. İmtahan qurtarandan sonra tələbə nəzarətçinin icazəsi olmadan dura bilməz. Telefonlar sönmüş vəziyyətdə olmalıdır. Tələbələrə qarşı kobud davranmaq olmaz. Tələbələrin böyük əksəriyyəti, xüsusilə də yuxarı kurslarda oxuyanlar imtahan qaydalarını gözəl bilirlər. Ümidvarıq ki, öz məsuliyyətlərini yaxşı anlayan nəzarətçilərin köməyi ilə imtahanların yüksək səviyyədə keçməsinə nail olacağıq”.
Görüşdə iştirak edən imtahan-nəzarət qrupunun üzvlərinə tövsiyələrini verən prorektor nəzarətçilərin öz işlərinə məsuliyyətlə yanaşacaqlarına əminliyini bildirib.