Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında xeyriyyə kampaniyasına start verilib. Aksiya çərçivəsində Bakı şəhəri Psixonevroloji Uşaq Evinin sakinləri pulsuz müayinə və müalicə olunurlar.
Klinikanın baş həkimi, ATU-nun II cərrahi xəstəliklər kafedrasının professoru Rauf Ağayevin sözlərinə görə, kampaniya 31 Dekabr - Azərbaycanlıların həmrəylik Günü münasibətilə təşkil olunub. Məqsəd uşaq evində qalan kimsəsiz azyaşlıları sevindirmək, onları narahat edən xəstəlikləri üzə çıxarmaq, müalicəsini təmin etməkdən ibarətdir.
Aksiya 2 gün davam edəcək. Kampaniya çərçivəsində 30-35 əngəlli uşağın oftalmoloq, LOR, kardioloq tərəfindən baxışı nəzərdə tutulub. Aksiya zamanı valideyn himayəsindən məhrum olan və sağlamlığında bəzi problemləri olan uşaqların müasir avadanlıq vasitəsilə daxili orqanlarının da müayinəsi aparılacaq.
Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası indiyədək dəfələlərlə belə aksiyalar təşkil edib.