Böyük Elmi Şuranın dekabrın 26-da keçirilən növbəti yığıncağını açan universitetin rektoru, professor Gəray Gəraybəyli gündəliyə keçməzdən öncə idman kafedrasının müdiri, professor Kamal Kəbirlinskini 80 illik yubileyi münasibətilə təbrik etdi, onun uzun illər universitetimizin idman sahəsində göstərdiyi nailiyyətləri yüksək qiymətləndirdi və onu universitetimizin canlı əfsanələrindən biri adlandırdı. Sonra yubilyara Səhiyyə Nazirliyinin, İdman və Gənclər Nazirliyinin, eləcə də Azərbaycan Tibb universitetinin “Fəxri fərmanları” təqdim olundu.
Bundan sonra “Azərbaycan Tibb Universitetində 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti və imtahanların mütəşəkkil keçirilməsində universitet kollektivinin vəzifələri” barədə hesabat məruzəsi ilə çıxış etmək üçün sözü universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevə çıxış edib.
Digər məsələləri də şura üzvlərinin diqqətinə çatdıran S. Əliyev tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyətini yekunlaşdıraraq qeyd etdi ki, bəzi nöqsan və çatmamazlıqları nəzərə almasaq, universitetin tədris hissəsi, dekanlıqlar, kafedralar bu çətin və məsul prosesə hazır olduğunu və imtahan sessiyasının uğurla keçəcəyinə əminliyini bildirdi.
AMEA-nın müxbir üzvü Nuru Bayramov, kafedra müdirləri Arif Əfəndiyev, Eldar Qasımov və Vəsadət Əzizov hesabatı qənaətbəxş qiymətləndirərək payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti ilə bağlı fikirlərini və təkliflərini şura üzvləri ilə bölüşdülər.
G.Gəraybəyli müzakirələrə yekun vuraraq hesabatı qənaətbəxş qiymətləndirərək səslənən fikirlərə münasibətini açıqlayıb.
Rektor şura üzvlərini, universitet kollektivini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi.
Sonda universitetin məsləhətçi- professoru vəzifəsinə kollektiv tərəfindən irəli sürülən farmokoqnoziya kafedrasının professoru Yusif Kərimovun və II mamalıq- ginekologiya kafedrasının professoru Naziyə Şəmsəddinskayanın namizədliyini təsdiqləyən Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırıb.