ATU tələbələri mükafatlandırıldı

Bu günlərdə Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının gənclər arasında birgə keçirdiyi “Unudulmaz Lider” və “Mənim Prezidentim “layihələrinin yekununa həsr edilmiş mərasim baş tutub. Tədbirdə mükafatlandırılan tələbələr arasında Azərbaycan Tibb Universitetinin nümayəndələri də olub.

“55 Adda - 55 Qalib” adlı tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək son illərdə gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakından söz açıb. Qeyd edib ki, hazırda Azərbaycan gəncləri çox saylı uğurlarla yeni ilə və yeni hədəflərə doğru addımlayır.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı da tədbirdə çıxış edərək ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gənclərimizi qazandıqları uğurlar münasibəti ilə təbrik edərək onlara yeni-yeni nailiyyətlər arzulayıb.

Mərasimdə ilin yekunlarına və müxtəlif layihələrdə fəal iştirakına gorə 55 gənc mükafatlandırılıb. Qaliblər 55 nominasiya üzrə keçirilən müsabiqələrin yrkunların əsasən müəyyənləşdirilib.

Qaliblər arasında ATU-nun Müalicə-Profilaktika-2 fakültəsinin V kurs tələbəsi Sərxan Həsənli və həmin fakültənin VI kurs tələbəsi Malik Şükürlü də var. Bu gənclər müxtəlif layihə tşəbübsləri ilə çıxış etdiklərinə görə qalib elan olunublar. Belə ki, Sərxan Həsənli ATU-nun Tələbə Həmkarlar İttifaqları Komitəsinin nəzdində yaradılan xarici dillər üzrə Conversation klubunun rəhbəridir. Malik Şükürlü isə ATU-da tələbələrin müxtəlif flashmoblarının təşkili ilə məşğul olur.

Tədbirdə iştirak edənlər ölkəmizfə gənclərə olan etimada, qayğıya və verilən dəyərə görə ölkə rəhbərliyinə və dövlət başçısına təşəkkürlərini çatdırıblar.

Mərasimin sonunda YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyi tərəfindən hazırlanmış “Gənclər öz Liderini təbrik edir” video filminin və “Ulu Öndər Nişanəsi” mahnısının təqdimatı da keçirilib.

Tədbirdə millət vəkilləri, gənclər təşkiltlarının rəhbərləri, tələbələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.