Dekabrın 19-da Tibbi profilaktika fakültəsi nəzdində Azərbaycan dili kafedrasında XX əsrin klassiki, Azərbaycanın ilk Xalq şairi, akademik Səməd Vurğunun 110 illik yubileyi ilə bağlı tədbir keçirildi.
Tədbirdə tələbələr, hazırlıq şöbəsinin dinləyiciləri, müəllimlər, fakültənin dekanı, dosent A.Məmmədov, “Təbib” qəzetinin baş redaktoru, şair-publisist, əməkdar jurnalist Eldar İsmayıl iştirak edirdilər. İştirakçıları salamlayan bu tədbirin təşkilatçılarından biri dosent D.Nağıyeva vəfatından 60 il keçsə də, bu xalqın yaddaşından çıxmayan böyük şairin həmişəyaşarlığından danışdı.
O, bu tədbirin təşkilində İran İslam Respublikasından və Türkiyədən olan hazırlıq şöbəsi dinləyicilərinin də fəallıq göstərdiklərini qeyd etdi. Sonra söz Azərbaycan dili kafedrasının müdiri dosent A.Miriyevə verildi. Akif müəllim S.Vuğunun təkcə aşıb-daşan şairlik istedadına sahib olmadığını, onun bir şəxsiyyət kimi kamilliyini, lap cavan yaşlarından SSRİ kimi nəhəng bir dövlətdə böyük nüfuza malik olmasını, xalq arasında geniş şöhrət qazana bilməsini şairin insanlıq fenomeni ilə əlaqələndirdi. Natiq çox təəssüf hissi ilə qeyd etdi ki, belə bir istedadın və şöhrətin sahibi ömrü boyu təqiblərə, haqsız tənqidlərə məruz qalmış, əzabkeş xalqımızın dərdləri ilə baş-başa yaşayıb. Nəticədə çox cavan yaşında sağalmaz xəstəliyə tutulub, 50 yaşında həyata göz yumub. Akif müəllim onu da bildirdi ki, ədəbiyyatımızı öz misilsiz əsərləri ilə zənginləşdirib şöhrətləndirən Səməd Vurğun ona həm də iki istedadlı oğul (xalq yazıçısı Yusif və Xalq şairi Vaqif Səmədoğluları) bəxş edib.
Sonra söz Azərbaycan dili kafedrasının dosentləri İ.Ağayeva və Z.Avılovaya verildi. Onlar şairlə bağlı xatirələrini danışdılar, onun yaradıcılığından nümunələri dinləyicilərə çatdırdılar. Dosent Zərifə xanımın “Vaqif” pyesindən iri bir parçanı diksiya ilə söyləməsi dinləyicilərə xoş təsir bağışladı. Bundan sonra tələbələr və hazırlıq şöbəsinin dinləyiciləri çıxış etdilər: 1126a qrupunun tələbəsi İlkin Əhmədov çaldığı sazın müşaiyəti ilə “Dağlar” şeirini özünəməxsus intonasiya ilə ifa etdi; tələbələr Aysu Bayramova (qr.790) “Bir səs”, Fəridə Şahbazzadə (qr. 366a) “Yandırılan kitablar” şeirlərini bədii intonasiya ilə söylədilər. Tədbirin ən maraqlı ifalarından biri hazırlıq şöbəsinin dinləyiciləri Əhməd Özsevən, Rujdar Dal (qr.9) və Hüseyn Mədədinin (qr.4) birlikdə “Ceyran” şeirini xüsusi kompozisiya formasında təqdim etmələri oldu. İdris Özgün və Şila Yusifoğlunun (qr.7) ifa etdikləri “Azərbaycan” şeirindən bir parça da iştirakçıların alqışları ilə qarşılandı. Tədbirdə çıxış edən şair E.İsmayıl tədbirdən məmnun qaldığını, son zamanlar haqqında az-az danışılan böyük şair S.Vurğunu yada saldıqları üçün təşkilatçılara təşəkkür etdi.
Tibbi profilaktika fakültəsinin dekanı, dosent A.Məmmədov ATU-nun rəhbərliyi adından kafedra əməkdaşlarına və tələbələrə minnətdarlığını bildirdi.
Sonda Akif müəllim tədbirin qonşu epidemiologiya kafedrasının mühazirə zalında keçirildiyini bildirərək, göstərdikləri texniki köməyə görə kafedra işçilərinə, xüsusən professor İ.Ağayevə təşəkkür etdi. Tədbir “Qarabağ şikəstəsi”nin sədaları altında ulu öndərimiz Heydər Əliyevin kövrək səsində “Azərbaycan” şeirinin bir bəndi ilə yekunlaşdı.