Azərbaycan Tibb Universitetində (ATU) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kollektivin görüşü təşkil olunub. Universitetin rektoru, professor Gəray Gəraybəyli kollektivi qarşıdan gələn hər iki bayram münasibətilə təbrik edib. Rektor professor-müəllim heyətinə yeni ildə peşə fəaliyyəti və şəxsi həyatlarında yeni uğurlar diləyib.
Rektor G. Gəraybəyli bildirib ki, məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Həmrəylik Günü xalqımızın ən əlamətdar bayramlarından olmaqla yanaşı, dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin dağıdılması ilə qoyulub.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib.
Hazırda dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı bu günü rəsmən bayram kimi qeyd edir.