Azərbaycan Tibb Universiteti (ATU) semestr imtahanlarının təşkilində və gedişində şəffaflığın tətbiqini təmin edib. Belə ki, son illərdə ilk dəfə olaraq valideynlər də imtahan prosesini əvvəldən axıra qədər müşahidə edə bilirlər.
Bu gündən,yəni 6 yanvar 2017-ci il tarixindən etibarən imtahanı izləmək istəyən hər bir valideynə prosesdə iştirak etmək imkanı yaradılıb. İmtahanlar ATU-nun Virtual Test Mərkəzində keçirilib.
Sınaqdan öncə Virtual Test Mərkəzinin direktoru Şahin Bayramov və ATU-nun imtahana nəzarət qrupunun rəhbəri Kamandar Yaqubov tələbələrlə görüşüblər, onlara prosesin gedişi, qaydalar və şərtlər barədə ətraflı məlumat veriblər. Valideynlərə də bildirilib ki, obyektivliyin qorunması məqsədilə Azərbaycan Tibb Universitetində imtahanlar insan amili olmadan kompyuterlərdə test üsulu ilə aparılır. İmtahan zamanı hər tələbə öz məxfi kodu ilə sistemə daxil olaraq sualları cavablandırır və sonda imtahanın nəticəsini görərək zalı tərk edir. İmtahanların gedişinə müşahidə kameraları və imtahanlara nəzarət qrupunun əməkdaşları tərəfindən nəzarət olunur.
Valideynlərin özləri də imtahanın keçirilməsi, hansı səviyyədə nəzarətin olmasını yaxından izləyiblər. Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Lamiyə Adışirinlinin atası Ələddin bəy gördüklərindən razı qaldığını bildirdi: “Mən imtahanların məhz test üsulu ilə keçirilməsini dəstəkləyirəm. Çünki burada ayrı hansısa kənar qüvvələrin təsirinə, müdaxiləsinə imkan verilmir. Tələbənin üzərinə böyük məsuliyyət düşür. ATU-rəhbərliyinə də təşəkkür edirəm ki, imtahanların obyektivliyi üçün hər cür şərait yaradılıb”.
Müalicə-profilaktika fakültəsinin tələbəsi Fəridə Şərifzadənin babası Xəlil bəy müasir dövrdə aparılan imtahanların daha fərqli və daha şəffaf olduğunu deyir: “Burada yaradılan imtahan sistemindən tamamilə razı qaldım. Əziyyət çəkmək lazımdır ki, bəhrəsini görəsən. Bizim dövrümüzdə imtahanlar daha asan idi, indi isə tələbələrin işi daha məsuliyyətli və çətindir. Sadəcə Azərbaycan dilində yetərincə dərs vəsaitinin olmaması bizi narahat edir. İnanıram ki, rektor bu məsələnin həlli də ilə bağlı addımlar atacaq”.
ATU-nun I müalicə-profilaktika fakültəsinin tələbəsi Səidə Dadaşovanın atası isə imtahan öncəsi verilən məlumatların kifayət qədər dolğun olduğunu bildirir: “İmtahan üçün yaradılan şəraitə söz ola bilməz. Amma arzulayardım ki, test sualları ilə bağlı da tələbələrin istəkləri nəzərə alınsın. Çünki bəzi sualların verilən cavab variantları tələbələri çox çaşdırır. Ümid edirəm ki, bu məsələyə də diqqət yetiriləcək”.
I Müalicə-profilaktika fakültəsinin tələbəsi Gülay Ömərovanın anası da imtahan prosesinin gedişini izləyən valideynlərdən biridir. O, qızının prezident təqaüdçüsü olduğunu vurğulayır və prosesdən razı qaldığını bildirir.
Bu gün ərzində müxtəlif qruplardan olan tələbələr tamamilə şəffaf şəraitdə onlara ayrılan 1 saat ərzində test suallarını cavablandırıblar. Gənclər onlara ayrılan vaxt ərzində 50 sualı cavablandırmalıdırlar. İmtahan zamanı yığıla biləcək ən yüksək bal 50-dir.
İmtahanlar zamanı Virtual Test Mərkəzində 220 kompyuter tələbələrin ixtiyarına verilib. Gün ərzində bu mərkəzdə 2500-3000 tələbənin imtahan verməsi mümkündür.
ATU-da imtahan sessiyası fevralın 1-dək davam edəcək.