Azərbaycan Tibb Universiteti beynəlxalq əlaqələrini gücləndirir. Demək olar, hər həftə müxtəlif ölkələrdən qonaqlar, mütəxəssislər universitetin qonağı olur, burada tələbə və rezidentlər üçün yaradılan şərait, tədrisin səviyyəsi ilə tanış olurlar.
Bu gün Türkmənistan Respublikasının rəsmi təmsilçiləri ATU-da olublar. Türkmənistanın Azərbaycandakı səfirliyinin attaşesi cənab Atamurat Ballıbayev və səfirliyin III katibi xanım Bahargül Berdıyeva ATU-da təhsil alan əcnəbi tələbələr arasında Türkmənistandan olanların sayının artdığını bildiriblər. Səfirlik nümayəndələri əcnəbi tələbələr üçün yaradılmış şəraitdən məmnun qaldıqlarını deyərək universitetdə mövcud müasir infrastrukturanın beynəlxalq standartlara uyğun səviyyədə tədrisin aparılmasına imkan verdiyini bildiriblər. Qonaqlar Türkmənistan vətəndaşlarının qardaş Azərbaycanda rezidentura pilləsində tibb təhsilini davam etdirməkdə maraqlı olduqlarını deyiblər.
Görüşdə qeyd olunub ki, Azərbaycan Tibb Universiteti xarici tələbələrinin sayına görə ölkəmizdə 1-ci yer tutur. Hazırda 26 ölkədən 1500-ə yaxın xarici tələbə ATU-da müxtəlif pillələrdə tibb, əczaçılıq, stomatologiya ixtisasları üzrə təhsil alırlar. İldən ilə əcnəbi tələbələrin sayı artır.
Türkmənistan diplomatları ilə görüşdə ATU-nun Beynəlxalq əlarqələr üzrə prorektoru Nadir Zeynalov, xarici tələbələrlə iş üzrə dekan İsmayıl Əfəndiyev və dekan müavini Niyazi Hacizadə iştirak ediblər.