Azərbaycan Tibb Universitetinin (ATU) 4-cü kurs tələbəsi Kamran Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun keçirdiyi VIII qrant müsabiqəsinin qalibi olub.
Əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması və eləcə də, şahmat idmanının gənclər arasında təbliği olan layihədə 30 nəfər uşaq və yeniyetmə iştirak edib.
Layihənin rəhbəri Kamran Məmmədovun sözlərinə görə, 30 uşaq və yeniyetmə arasında baş tutmuş çempionat 7 turdan ibarət olub. Çempionatda iştirakçılar 2 yaş qrupunda mübarizə aparıblar.
Qaliblər sertifikat və hədiyyələrlə təltif olunublar. Təltifetmə mərasimində Gəncə şəhər Şahmat Məktəbinin müəllim və hakim heyəti ilə yanaşı Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Gəncə şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi, eləcə də valideynlər iştirak ediblər.
Qeyd edək ki, Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gəncə Şahmat Şəhəri” layihəsi Gəncə Şahmat məktəbində keçirilib. Çempionatın keçirilməsinə Gəncə şəhər Şahmat Məktəbi ilə yanaşı Gəncə şəhər Gənclər və İdman İdarəsi də yaxından dəstək olub.