Bu gün Azərbaycan Tibb Universitetinin Həmkarlar İttifaqı Komitəsinin yığıncağı keçirilib. Yığıncağı Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Tibbi-profilaktika fakültəsinin həmkarlar təşkilatının sədri, dosent Sahib Əhmədov “Tibbi biologiya və genetika, histologiya, embriologiya və sitologiya, tibbi fizika və informatika, bioloji kimya, biofiziki və bioüzvi kimya, normal fiziologiya, ictimai fənlər ictimai sağlamlıq və səhiyyənin təşkili kafedralarında əməkdaşların “Əmək və nizam-intizamının pozulması haqqında” tərtib edilən arayışla bağlı ətraflı məlumat verib. Bildirilib ki, ATU-nun kafedralarında əməkdaşların işə davamiyyətinin yoxlanılması haqqında tərtib edilmiş arayışlar və işdə olmayanların izahatları komisiya tərəfindən araşdırıldı. O, yoxlamanın nəticələrini, konkret olaraq əmək intizamını pozan əməkdaşların siyahısını, hər əməkdaşın ayrı-ayrılıqda izahatını açıqlayıb.
Adları işə gəlməyənlərin siyahısında olan əməkdaşların fikirləri də dinlənilib, müzakirələr aparılıb.
İctimai fənlər kafedrasının müdiri professor Qoşqar Əliyev, tibbi bioloji kimya kafedrasının müdiri professor Canbaxış Nəcəfov, histologiya, embriologiya və sitologiya kafedrasının müdiri professor Eldar Qasımov, ETM-nin direktoru professor Qalib Qarayev, dosent Əlibaxış Kəlbiyev, epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev, II müalicə-profilaktika fakültəsinin dekanı dosent İsrail Məhərrəmbəyli və tibbi-profilaktika fakültəsinin dekanı, dosent Aydın Məmmədov çıxış edərək bu cür yoxlamaların nizam-intizamı möhkəmləndirmək baxımından əhəmiyyətini xüsusi vurğulayıblar. Humanizm prinsiplərini əsas götürərək ilk yoxlamanın nəticələrinə görə əməkdaşlar verilən cəzanın yüngülləşdirilməsini təklif ediblər.
Cahangir Qasımov bu məsələnin rektorun nəzarətində olduğunu bildirərək yoxlamaların bundan sonra da müntəzəm olaraq aparılacağını, heç kəsə güzəşt edilməyəcəyini deyib.
Sonda çıxışları və təklifləri, nizam-intizamı pozan əməkdaşların etiraflarını nəzərə alan Həmkarlar İttifaqı Komitəsinin üzvləri əmək məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndini pozan əməkdaşlara yazılı xəbərdarlıq elan olunmasına razılıq verməklə kifayətləniblər.
Qeyd edək ki, Tibbi-biologiya və genetika, Histologiya, embriologiya və sitologiya, Tibbi fizika və informatika, Bioloji kimya, Biofiziki və bioüzvi kimya,Normal fiziologiya və ictimai fənnlər kafedrası olmaqla 7 kafedradan 55 nəfər haqqında inzibati tədbir görülüb.
Yığıncaqda universitetin ümumi işlər üzrə prorektoru dosent Natiq Xəlilov və rektorun müşaviri, dosent Zülfüqar Musabəyov iştirak ediblər.