Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Tibb Universitetinin ardınca Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Azərbaycanın tibb ictimaiyyəti nümayəndələri və xarici qonaqların iştirak etdiyi konfransda səhiyyə naziri, professor Oqtay Şirəliyev Əziz Əliyevin milli tibb kadrlarının hazırlanması yolunda göstərdiyi çoxşaxəli fəaliyyəti və müstəsna xidmətlərindən danışıb.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru,professor Nazim Qasımov Əziz Əliyevin həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli böyük alim Əziz Əliyevi xalqımızın tarixində, tibb elmində böyük rolu olan nadir şəxsiyyət adlandırıb. Bildirilib ki, dünyada elə insanlar var ki, onlar təmsil etdikləri millətin, dövlətin həyatında böyük iz qoyurlar. Əziz Əliyev məhz belə insanlardan idi. Əziz Əliyevin həyat və fəaliyyəti barədə danışmaq həm asan və eyni zamanda həm də çətindir. Tarixin heç də asan olmayan dövründə çalışan bu ləyaqətli insan hər işi şərəflə, peşəkarlıqla, vətənpərvərliklə yerinə yetirib.
Rektor Tibb Universitetinin təşəkkül tapmasında və əldə etdiyi nailiyyətkərdə danılmaz rolu olan görkəmli alimin Azərbaycan səhiyyəsi üçün peşəkar kadrlar yetişdirdiyini bildirib. Qeyd edilib ki, bu universitetə rəhbərlik etdiyi illərdə Əziz Əliyev ali təhsil müəssisəsinin işini daha da təkmilləşdirib. Həmin illərdə Tibb Universiteti üçün Azərbaycan dilində çoxlu sayda kitab yazılıb. Əziz Əliyev səhiyyənin maddi-texniki bazasının təkmilləşdirilməsinə, peşəkar kadrların hazırlanmasına böyük önəm verib. Həmçinin ATU-nun kitabxanası da professor Əziz Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılıb. Hazırda bu kitabxana bir milyona qədər adda tibbi ədəbiyyata malikdir.
G.Gəraybəyli qeyd edib ki, o, bu günlərdə Dağıstanda olub və orada elmin və təhsil sisteminin inkişafının banisi sayılan Əziz Əliyevin yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini bildirdi.
Əziz Əliyevlə bağlı xatirələrini bölüşən M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev alimin həm dövlət işində, həm də elmdə qazandığı uğurlardan danışıb. Akademik bu böyük şəxsiyyətin onun yaddaşında sadəliyi və qayğıkeşliyi ilə qaldığını vurğulayıb.
Əziz Əliyevin Dağıstan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışan Dağıstan Dövlət Tibb Universitetinin prorektoru Ruslan Şahbanov təmsil etdiyi universitetin rektoru professor Süleyman Mammayevin konfrans iştirakçılarına məktubunu səsləndirib.
Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev ailə üzvləri adından atasına göstərilən diqqətə görə dövlət başçısına və tibb ictimaiyyətinə öz minnətdarlığını bildirib.
Sonra konfrans iştirakçılarına Əziz Əliyevin həyatında ictimai və elmi fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.