Novruz bayramını kimisə evində qeyd edir, kimisə qonaq gedir. Lakin səhhəti ucbatından bayramı xəstəxanada keçirənlər də olur. Özü ilə elimizə bahar gətirən Novruz bayramı Azərbaycan Tibb Universitetində (ATU) məhz xəstələrlə birlikdə qeyd olunub.
Universitetdə ATU rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə “Ey həyat, sən nə qəribəsən” adlı bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli hər kəsin bayramını təbrik edib:
“Novruz bayramı xalqımızın, elimizin ən vacib və çox sevilən bayramlarındandır. Tədbirin adının həyat qəribəlikləri ilə bağlı olması da təsadüfi deyil. Həyatın çox üzü, çox yönü var. Hər bir insan öz peşəsi ilə məşğul olur. Həkimlər də xəstələrimizi müalicə edirlər. Mən xəstələrin hər birinə sağlamlıq, şəfa diləyirəm. Xalqımıza isə cansağlığı və bol ruzi arzulayıram”.
Tədbirin bədii hissəsində ATU-nun “Şəfa” xalq çalğı alətləri ansamblı, “Çinar” rəqs ansamblının üzvləri, tələbələr rəngarəng mahnı və rəqslərlə çıxış etdilər.
ATU-da keçirilən bayram tədbirində 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, əməkdaşları və xəstələri iştirak ediblər. Maraqlısı odur ki, tədbirdə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında yatan pasiyentlərin özləri də xüsusi pantomima səhnəcikləri ilə çıxış ediblər.