Bu gün Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəylinin qonağı olub. Görüşdə Azərbaycanla Türkiyə arasında təhsil və səhiyyə sahəsində mövcud münasibətlərin möhkəmlənməsi istiqamətində müzakirələr aparılıb.
Dəvət üçün təşəkkürünü bildirən səfir Erkan Özoral bundan öncə səhiyyə naziri Oqtay Şirəliyevlə görüşdə bir çox önəmli məsələlərin müzakirə olunduğunu bildirib. Qeyd olunub ki, gündəmdəki məsələlərdən biri də ATU ilə İstanbul Universiteti arasında bir sıra layihələrin planlaşdırılmasıdır. Səfir artıq türkiyəli həkimlərin bütün Avropada gözəl mütəxəssis kimi qəbul olunduğunu deyərək bu təcrübənin Azərbaycanda paylaşmasında maraqlı olduğunu bildirib: “Tibb Universiteti bizim üçün çox özəl və əziz yerlərdən biri, doğma məkandır. Bildiyimiz kimi, bu universitetə tələbə axını var. ATU türkiyəli gənclər arasında da tanınır. Biz də səfirlik olaraq, Türkiyədən tələbələrin bu universitetdə təhsilini dəstəkləyirik”.
Rektor Gəray Gəraybəyli də öz növbəsində ATU-nun bir çox əcnəbi təhsil müsəsisələri ilə əlaqələrinin olduğunu, amma onlar arasında Türkiyə universitetlərinin xüsusi yer tutduğunu bildirdi. Rektor İstanbul Universiteti ilə birgə layihənin reallaşmasının bir çox yeniliklərin tətbiqinə yol açacağını qeyd etdi. Rektor G.Gəraybəyli mütəmadi olaraq tələbələrlə, o cümlədən əcnəbi tələbələlrə görüşdüyünü, onların təklif və iradlarını dinlədiyini qeyd etdi.
ATU-nun xarici tələbələrlə iş üzrə dekan Tariel İsmayılov qeyd etdi ki, hazırda Tibb Universitetində Türkiyədən 527 nəfər var. Onlardan 311 nəfəri artıq tələbədir və təhsil alır. 216 gənc isə universitetin hazırlıq kurslarına cəlb olunublar.
Görüşdə Türkiyənin Azərbaycankı səfirliyinin müşaviri Abdulqafur Büyükfırat, rektorun müşaviri Zülfüqar Musabəyov, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov, beynəlxalq əlaqələr şöbəsinin müdiri İkram Rüstəmov da iştirak edirdilər.
Görüşdən sonra səfir Erkan Özoral ATU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb. Gənclər ATU-da onların təhsili və yaşayışı üçün yaradılan şərait, mövcud tədris sistemi haqqında səfirə məlumat veriblər.