Azərbaycan Tibb Universitetinin (ATU) patoloji fiziologiya kafedrasında tədris prosesinin keyfiyyətini artırmaq, daha maraqlı mühazirələrin keçirilməsini təmin etmək məqsədilə açıq mühazirələr və açıq praktikalar aparılır.
ATU-nun patoloji fiziologiya kafedrasının tədris hissə müdiri, tibb üzrə elmlər doktoru Məmməd Əliyevin sözlərinə görə, belə tədbirlərin əsas məqsədi dərslərin keyfiyyətini artırmaqdan ibarətdir: “Kafedra müdiri, professor Sabir Əliyevin tapşırığı ilə bu semestrdən etibarən biz, növbəti həftədə keçiriləcək olan praktiki məşğələlərin, mühazirələrin sınaq formasını dinləyirik. Bu toplantılarımız bütün müəllim heyətinin iştirakilə keçirilir. Gələn həftə keçiləcək dərslərin, tədris materialların məzmunu bu toplantılarda müzakirə olunur. Əsas məqsədimiz müəllimlərimizin bilik səviyyəsini bir daha sınamaq, onların tədris prosesinə hansı dərəcədə hazır olduğunu dəqiqləşdirməkdir. Bir sözlə, əsas hədəf dərslərin keyfiyyətini artırmaqdır”.
Bu gün təşkil olunan iclasın əvvəli ötən həftə baş tutan açıq mühazirənin müzakirəsinə həsr olundu. İclasda aparılan işlər qiymətləndirilib, prosesin müsbət tərəflərindən danışılıb, həmçinin irad və təkliflər dinlənilib. Toplantının ikinci hissəsində isə sınaq mühazirəsi müzakirəyə çıxarılıb. Bu dəfə kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Məlahət Talışinskaya mühaizərini təqdim etdi.
Qeyd edək ki, kafedrada 23 müəllim fəaliyyət göstərir. Belə açıq iclaslarda bütün müəllimlər iştirak edir. Toplantılar mütamadi olaraq həftədə bir dəfə keçirilir.