Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri Dağıstanda keçirilən Ümumrusiya Gənc Alimlərinin Bilik Forumunda iştirak ediblər. Dağıstanın Mahaçqala şəhərində keçirilən forumda ATU-dan 3 tələbə iştirak edib. Tələbələrdən biri I yer, digəri isə IV yerə layiq görülüb, üçüncü tələbə forumun işində aktiv iştirakına görə təltif edilib.
ATU-nun V kurs müalicə-profilaktika fakültəsinin tələbəsi Sərxan Həsənli forumun “Kliniki təbabət” hissəsində iştirak edib. Onun şəkərli diabetə aid təqdim etdiyi elmi iş qalib seçilib. “Ultra uzun bazal insulinlərin şəkərli diabet tip 2 xəstələrində kliniki tədbiqi prinsipləri” mövzusundakı tədqiqat şəkərli diabet xəstələrində kliniki tətbiqin prinsiplərinı həsr olunub. İngilis dilində çıxış edən ATU tələbəsi birinci yerə layiq görülüb, diplom və sertifikartla təltif edilib.
ATU-nun IV kurs müalicə-profilaktika fakültəsinin tələbəsi, Kamilə Qaraisalı isə “Diabetik nefropatiya fonunda lipid mübadiləsinin pozulması” mövzusunda elmi işi ilə IV yerə layiq görülüb.
V kurs müalicə-profilaktika fakültəsinin tələbəsi Ülvi Əşrəfov forumda Psixiatriya kafedrasını təmsil edib. O, “Şizofreniya xəstələrində ailə xüsusiyyətlərinin xəstənin gedişatına təsiri” mövzusunda fikirlərini açıqlayıb. Ü.Əşrəfov konfransın işində aktiv iştirakına görə sertifikatla təltif edilib.
Forumda uğurla iştirak edib, yüksək nəticə əldə etdiklərinə görə ATU-nun rektoru professor Gəray Gəraybəyli tələbələri və universitetin Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi rəhbəri, professor, əməkdar elm xadimi Amaliya Əyyubovanı, o cümlədən TEC-in sədri, tibb elmləri doktoru Müşfiq Həsənovu təbrik edib. ATU-nun adını yüksək səviyyədə təmsil etdiyinə görə onlara təşəkkür edən rektor G.Gəraybəyli qazanılan uğurların davamlı olmasını diləyib.
Qeyd edək ki, Dağıstan Dövlət Tibb Universiteti ilə ATU arasında qarşılıqlı əməkdaşlıq və mübadilə proqramları mövcuddur.