7 aprel 2017-ci il tarixində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın 33 saylı yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə açan direktor professor Hüseyn Qabulov klinikanın fəaliyyətinin ötən aylarla müqayisədə nəzərə çarpacaq dərəcədə yaxşılaşdığını deyib: “Klinikaya qəbul edilən xəstə sayı gözlədiyimizdən də yüksək səviyyədədir və bu, hətta aprel ayının ilk günlərində də nəzərə çarpır”.
Direktor, rektor Gəray Gəraybəylinin əmrinə əsasən bəzi şöbələrin adlarında edilən dəyişikliklərlə bağlı məlumatı da diqqətə çatdırıb. O bildirib ki, edilən dəyişiklikləri klinikanın fəaliyyətinə öz töhfəsini verəcək.
“I və III pediatriya şöbələrinin profilləri uyğunluq təşkil etdiyinə görə, birləşdirilərək “Uşaq kardiorevmatologiya”şöbəsi adı altında birləşdirilib. II pediatriya şöbəsi “Uşaq pulmonologiya, endokrinologiya, allerqologiya” şöbəsi, Ümumi terapiya şöbəsinin isə adı dəyişdirilərək “Heriatriya şöbəsi” adlandırılıb”.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq Tibb Universitetinin klinikasının nəzdində Heriatriya şöbəsi fəaliyyət göstərəcək.
Daha sonra gündəlikdə olan məsələlərlə bağlı direktorun müalicə işləri üzrə müavini dosent Adil Nuriyev çıxış edib.
Şöbələrin mart ayı üzrə hesabatını şura üzvlərinin diqqətinə çatdıran A. Nuriyev bildirib ki, fevral-mart aylarında xəstə qəbulunda artım müşahidə edilib.
O, endokrinologiya, kardiologiya, revmatologiya, intensiv terapiya, qastreontorologiya, angioqrafiya, III pediatriya şöbələrinə və efferent-terapiya mərkəzinə daha çox xəstə qəbul edildiyini şura üzvlərinin diqqətinə çatdırıb.
Yığıncaq işini cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.