Lids universitetinin nümayəndə heyəti ATU-da
Fevralın 4-dən 6-dək Avropa Şurasının maliyyələşdirdiyi TEMPUS proqramının MUMEENA (Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi) layihəsinə koordinatorluq edən İngiltərənin Lids (Leeds) Universitetinin nümyəndə heyəti: professor Anne-Marie Reid - koordinator (Tibb Təhsili İnstitutu), Dr. Richard Fuler (Diplomaqədərki Tibb Təhsili şöbəsinin müdiri), və Elaine Brock (layihənin kommersiya direktoru) layihə çərçivəsində 1 il ərzində görülmüş işlərin monitorinqi məqsədilə Azərbaycan Tibb Universitetində olmuşlar.
İşçi səfərin ilk günü nümayəndə heyəti ATU-nun rektoru, millət vəkili, akademik Ə.Əmiraslanov ilə görüşmüşdür. Görüş zamanı universitetimizdə bu proqram çərçivəsində həyata keçirilən işlərin uğurlu nəticələrindən danışan Ə.Əmiraslanov bildirdi ki, hal-hazırda ATU TEMPUS proqramının 3 layihəsinin iştirakçısıdır. Bu proqramın müddət vaxtı 2014- cü ildə başa çatsa da, biz gələcək layihələrdə iştirak etməkdə maraqlıyıq.
Qonaqlar bu proqramda qarşıya qoyulan vəzifələrdən söhbət açmış, partnyor universitetlədə qabaqcıl təcrübənin lazımi səviyyədə həyata keçirildiyini qeyd etmişlər. Onlar TEMPUS proqramı çərçivəsində yaradılan bu layihənin işindən razı qaldıqlarını və Azərbaycan Tibb Universiteti ilə iş qurmaqdan şərəf duyduqlarını dilə gətirmişlər.
Görüşdə son illərdə respublikamızda tibb təhsilinin müasirləşdirillməsi istiqamətində atılmış addımlar, həmçinin Azərbaycan Tibb Universitetinin TEMPUS proqramı çərçivəsində iştirak etdiyi bir sıra layihələrin, o cümlədən MUMEENA layihəsinin bu işə verəcəyi töhfələr haqda fikir mübadiləsi aparılmışdır.
Akademik Ə.Əmiraslanov universitetimizin TEMPUS layihələrində iştirakının çox təqdirəlayiq hadisə olduğunu və MUMEENA layihəsinin ardınca Lids universitetinin koordinatorluğu ilə yeni təklifin verilməsi perspektivini dəstəklədiyini bildirmişdir.
Görüşdə Azərbaycanda Milli TEMPUS Ofisinin rəhbəri Pərviz Bağırov, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Məmməd Nəsirov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəhimə Qabulova, Mətbuat xidmətinin rəhbəri, professor Mübariz Allahverdiyev və ATU-nun dosentləri İsmayıl Əfəndiyev, Nadir Zeynalov iştirak etmişlər.
Sonra nümayəndə heyəti ATU- nun Virtual Test Mərkəzində olmuş, kompyuter sistemilə aparılan qiş imtahan sessiyasının gedişatı ilə maraqlanmışlar.
İki gün davam edən monitorinq zamanı Azərbaycan Tibb Universitetində yeni yaradılacaq Müəllimlərin Təlim Mərkəzinin strukturu və proqramı müzakirə edilmiş, sonra Lids universiteti əməkdaşları azərbaycanlı həmkarlarına ATU-nun TTK-nın təlim mərkəzində OSCE - obyektiv strukturlaşdırılmış klinik imtahana hazırlıq barədə tövsiyələr vermiş, mühazirələr oxumuşlar.