Tələbələr arasında çempionat başa çatdı. Yarışmanın qalibi Fransaya gedəcək
ATU-nun stomatologiya fakültəsinin yuxarı kurs tələbələri arasında "Plomb materialı ilə restavrasiya" üzrə çempionat yekunlaşıb. İlk seçim mərhələsindən sonra 21 tələbə yarışmaya buraxılıb. Bunların 8 nəfəri 5-ci kurs, 11 nəfəri 4-cü, ikisi isə 3-cü kurs tələbələri idi.
Çempionatın ikinci turunda tələbələrin işləri ATU Stomatoloji Klinikanın nəzdindəki kafedraların ən təcrübəli və peşəkar müəllimlərdən ibarət 7 nəfərlik ekspert qrupu tərəfindən qiymətləndirilib. Nəticədə final klinik mərhələsinə 9 tələbə vəsiqə qazanıb. Final mərhələsində tələbələr tam sərbəst şəkildə kariyesli xəstələri müalicə edərək onların dişini plomblayıb.
İyunun 17-də ATU-nun Stomatoloji Klinikasında baş tutan yekun mərhələdə onların işinin nəticəsi hər kəsə nümayiş etdirilib. Nəticədə, komissiyanın dəyərləndirməsinə əsasən, 4 nəfər qalib seçilib. Qaliblərin hamısı 5-ci kurs tələbələridir. Bunlar Toğrul Abdullayev , İsa Cəfərli, Nizam Abdullayevdir və Valeh Rüstəmovdur.
ATU-nun Stomatoloji Klinikanın direktoru Alqış Səfərov qalibləri təbrik edərək onlara gələcək təhsil və karyeralarında uğurlar arzuladı. Komissiya üzvü t.e.n. Dr. Ramiz Əhmədbəyli isə final iştirakçılarını stomatologiya mövzusunda elmi-praktik seminara dəvət edib. Qaliblərə həmçinin Dentsply şirkətindən plomb materialları da hədiyyə olunub.
Qeyd edək ki, V.Rüstəmov Fransada stomatologiya fakültələrinin tələbələri arasında keçirilən beynəlxalq çempionata qatılacaq. Bu respublikada tələbələr arasında keçirilən ilk belə çempionat idi.
Yarışmanın təşkili, uğurla keçirilməsində ATU-nun Stomatoloji klinikasının direktoru Alqış Səfərov və stomatologiya fakültəsinin dekanı Zöhrab Qarayevin böyük əməyi və dəstəyi olduğunu qeyd etmək istəyirik. Həmçinin, tədbirin təşkilində ATU ilə yanaşı, Dentsply şirkətinin də köməyini vurğulamaq yerinə düşərdi.