Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Web of Science” platformasının effektiv istifadəsi üzrə “Web of Science platformasının tibb və biologiya sahəsində çalışan mütəxəssislər üçün imkanları” mövzusunda seminar keçirilib.
Seminarda iştirak etmək üçün Bakıya gələn Ukrayna Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Genetika İnstitutunun əməkdaşı, b.e.n. İrina Tixonkova bir neçə tədris müəssisəsində, o cümlədən Azərbaycan Tibb Universitetində olub. Qonaq seminar iştirakçılarının suallarını cavablandırıb. Seminarda ATU-nun aspirant-müəllim heyəti də iştirak edib.
Qeyd edək ki, 2015-cı ilin dekabrın 22-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi və dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, Azərbaycanın 100 müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Web of Science®” platformasına, eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCites™” bazasına tam çıxış əldə ediblər. Bu, dünya ali təhsil müəssisələri və elmi dairələrinin fəaliyyətinin məhsuldarlığını təhlil etmək fürsəti verən elmi tədqiqatların qiymətləndirməsinə imkan verən bir alətidir.
Hazırda “İnCites™” platforması dünyanın 7000-dən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur. Burada dünyanın 18000 ən yaxşı dərgiləri, konfrans materialları, monoqrafiyalar, patentlər indeksləşdirilib.