Bu gün Azərbaycan Tibb Universitetində (ATU) ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (ATUREK-5) keçirilib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli konfransı açaraq, rezidentura haqqında qısa məlumat verdi. Rektor bildirdi ki, rezidentlərin yüksək keyfiyyətli həkim-mütəxəssis kimi yetişmələri üçün ATU-nun rəhbərliyi ilə bərabər professor-müəllim heyəti də mühüm rol oynayır: "Çox illik kadr hazırlığı təcrübəsi olan, eyni zamanda müasir müayinə və müalicə praktikasına malik əməkdaşlar rezidentlərin həm təcrübi, həm də elmi biliklərinin artırılmasına yaxından köməklik göstərirlər”.
G.Gəraybəyli həmçinin rezidentlərin yüksəs səviyyəli mütəxəssislər kimi yetişməsində cənab prezidentimiz İlham Əliyevin təşəbbüsü və qayğısı ilə yaradılan universitet klinikalarının rolunun əvəzedilməz olduğunu də qeyd etdi: “Bu gün universitetimizin ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş tədris-terapevtik, tədris-cərrahiyyə, onkoloji və stomatoloji klinikalarında, eləcə də digər ixtisas kafedralarında 30-dan çox ixtisas üzrə 650-dək rezidentimiz təcrübi və elmi biliklərini artırırlar. Onlar 2013-cü ildən başlayaraq öz təcrübi bacarıqlarının artırılması məqsədilə müxtəlif ixtisaslar üzrə rotasiya keçmək üçün xarici ölkələrə ezam olunurlar. Hər il təxminən 100-120 nəfər rezident universitetlər arasındakı müqavilələr əsasında Türkiyənin müxtəlif universitetlərində, eləcə də Almaniyada, İsveçdə, Norveçdə, Fransada, ABŞ-da və digər ölkələrdə 3-8 ay müddətində rotasiyada olurlar. Bundan başqa müxtəlif ixtisaslar üzrə hər il 10-dan çox rezidentimiz öz rəhbərləri ilə bərabər xarici ölkələrdə elmi-konfranslarda, simpoziumlarda iştirak edirlər. Artıq bütün ixtisaslar üzrə bizim məzunlarımız var. Onlar ölkəmizin müxtəlif klinikalarında və bəziləri kafedralarda assistent və doktorant kimi ugurla fəaliyyət göstərirlər”.
Qeyd edək ki, Azərbaycan Respublikasında ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması ilə əlaqədar “Rezidentura Təhsilinin Məzmunu və Təşkili Qaydaları” na uyğun olaraq 2011-ci ildən rezidentura təhsili Səhiyyə Nazirliyinin ən böyük kliniki bazası kimi Azərbaycan Tibb Universitetində fəaliyyətə başlayıb. Artıq 6-cı ildir ki, Azərbaycan Tibb Universiteti rezident-mütəxəssislərin hazırlanması ilə fəal məşğul olur. Azərbaycan Tibb Universitetində rezidentlərin təcrübi bacarıqlarının öyrənilməsi ilə bərabər elmi hazırlıqları da diqqət mərkəzindədir. 2013-cü ilin may ayından başlayaraq hər il ulu öndər Heydər Əliyevin doğum gününə həsr edilmiş ”ATUREK” adı altında rezidentlərimizin elmi-təcrübi konfransı keçirilir.
Daha sonra konfrans öz işinə rezidentlərin elmi tədqiqat işlərinin dinlənilməsi ilə davam etdi.