Azərbaycan Tibb Universitetində (ATU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) toplantısı keçirildi. Toplantıda ATU-nun rektoru, professor Gəray Gəraybəylinin təlimatı ilə kafedra, yataqxana və klinikalarda nizam-intizam qaydalarının gücləndirilməsi və buna nə dərəcədə riayət olunması məsələləri müzakirə olundu.
Toplantını ATU-nun HİK-nin sədri Cahangir Qasımov açaraq, komitə üzvlərini tədbirin gündəliyi ilə tanış etdi: “İlk olaraq ATU-nun Əczaçılıq fakültəsinin latın dili kafedrasının əməkdaşlarının əmək və nizam-intizamı pozması, daha sonra idman kompleksində işçilərin əmək və intizamın pozması və 1 saylı yataqxananın komendantı haqqında məsələlərə baxılacaq”.
Toplantıda ATU-nun Latın dili kafedrasının müdiri, dosent Bahadur Hüseynov kafedra işçilərinin nizam-intizam qaydasına riayət etmədiyi üçün inzibati tənbeh edildi.
Daha sonra ATU-nun idman kompleksinin müdiri Nuriyə Sebeşova, kompleksin tibb bacısı Simnarə Mahmudova və təlimatçı Royal Qocayev nizam-intizam qaydalarına riayət etmədikləri üçün komitə tərəfindən töhmət aldılar.
Həmçinin ATU-nun 1 saylı yataqxanasının komendantı Söhrab Əhmədova iş saatı bitmədən işdən getdiyi üçün töhmət verildi. Anbardar Anar İsmayılov isə əmək vəzifəsini kobud pozduğu üçün işdən azad edildi.