ATU-da anatom alimlərin beynəlxalq əlaqələri genişlənir

Azərbaycanın Tibb Universitenin anatom - alimləri ilə N.N.Burdenke adına Voronej Dövlət Tibb Universitenin anatom - alimləri arasında beynəlxalq əlaqələr möhkəmlənir.

Bu günlərdə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi, tibb üzrə elmlər doktoru, professor Vaqif Şadlinski və həmin kafedranın professoru, tibb üzrə elmlər doktoru Balakişi Hüseynov  Rusiya Federasiyasının (RF) Voronej şəhərində keçirilən “İnsan anatomiyası fənninin tədrisinin aktual problemləri” mövzusunda beynəlxalq iştiraklı elmi konfransın, həmçinin “Beynəlxalq Anatom, Histoloq və Embrioloqlar Elmi-Tibbi Cəmiyyəti”nin rəyasət və idarə heyətlərinin genişləndirilmiş plenum iclaslarında çıxışlar edərək, öz mülahizələrini söyləmiş, fikir mübadiləsi aparıblar.

Plenumun işində “Anatom, Histoloq və Embrioloqlar Elmi-Tibbi Cəmiyyəti”nin prezidenti, A.İ.Uvdokimov adına Moskva Dövlət Tibbi-Stomatologiya Universitetinin İnsan anatomiyası kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının akademiki L.Kolesnikov, “Beynəlxalq Morfoloqlar Assosiasiyası”nın fəxri prezidenti, Tver Dövlət Tibb Universitetinin Anatomiya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvi, professor D.Bajenov, “Anatom, Histoloq və Embrioloqlar Elmi-Tibbi Cəmiyyəti”nin vitse-prezidenti, “Qidalanma, Biotexnologiya və Qida Təhlükəsizliyinin Federal Tədqiqat Mərkəzi”nin direktoru Rusiya Elmlər Akademiyasının müxbir üzvi, professor D.Nikityuk, N.N.Burdenko adına Voronej Dövlət Tibb Universitetinin rektoru, professor İ.Esaulenko, həmin universitetin İnsanın normal anatomiyası kafedrasının müdiri, tibb elmləri doktoru N.Alekseyeva və digərləri iştirak ediblər.

Elə həmin gün professor  N.Alekseyeva Bakıdan gəlmiş həmkarı ATU-nun İnsan anatomiyası kafedrasının müdiri professor V.Şadlinskinin həmmüəllifliyi ilə Voronejdə nəfis şəkildə çap olunan  “Həzm və tənəffüs sistemi orqanlarının divarlarının çoxhüceyrələri vəziləri (Morfologiyanın funksional məsələləri)” adlı 278 səhifəlik monoqrafiyanı həmkarı - Azərbaycan alimi professor V.Şadlinskiyə təqdim edib. Monoqrafiyada professor V.Şadlinskinin rəhbərliyi altında yerinə yetirilən Azərbaycan alimlərinin elmi-tədqiqat işlərindən professor N.Mövsümovun, professor M.Allahverdiyevin,  professor  B.Hüseynovun, tibb üzrə elmlər doktoru G.Hüseynovanın, baş müəllim Z.Seyidovanın, baş müəllim Ü.Cəfərovanın, assistent N.Cabbarovanın, assistent T.Qasımovanın işlərinə geniş istinadlar edilib.

 

Sonda hər iki alim çıxış edərək, Azərbaycan Tibb Universitetinin və Rusiya Federasiyasının Voronej şəhərindəki ali tibb təhsili müəssisəsinin İnsan aantomiyası kafedraları arasındakı beynəlxalq əlaqələrin bundan sonra da davam etdirilməsini böyük məmnunluq və səmimiyyətlə arzu ediblər.