Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ramazan bayramı ilə əlaqədar keçirilən 2 günlük ödənişsiz aksiya başa çatıb.
Aksiya barədə fikirlərini bölüşən ölkənin Baş nefroloqu, professor Mehman Ağayev müayinəyə gələn insanlar içərisində daha çox gecikmiş patalogiya ilə müraciət edənlərin olduğunu bildirib: “Böyrəklərin iltihabi xəstəlikləri, şəkərli diabet və arterial hipertenziya nəticəsində böyrəklərin zədələnməsi ilə müayinəyə gələnlər üstünlük təşkil edir. Müşahidəmdən onu deyə bilərəm ki, insanlar vaxtında və zamanında həkim müayinəsinə gəlməkdən sanki qorxurlar. Belə olduğu halda xəstəliklər daha ağır formada özünü büruzə verir və nəticədə böyrəklərin itirilməsinə qədər gətirib çıxarır”.
Professor onu da qeyd edib ki, Ramazan bayramı ərəfəsində keçirilən bu aksiya çox böyük önəm daşıyır: “Bu həm səhiyyəmizə, həm də ölkə əhalisinə göstərilən xidmət olaraq, böyük önəm kəsb edir. Bu gün həkim kimi insanlarımıza daha çox lazımlı olduğumu və mənəvi rahatçılıq tapdığımı hiss etdim”.
Azərbaycan Tibb Universitetinin prorektoru, dosent, uşaq nefroloqu Rauf Bəylərov da öz növbəsində aksiyanın maddi vəziyyəti aşağı olan insanlara köməklik baxımından vacib olduğunu vurğuladı.
“Baxış keçirilən uşaqlar arasında elə də ciddi xəstəlikləri aşkar etmədik. Onlardan çoxunu analizlərə göndərdik, çünki, böyrəklərə birdən-birə diaqnoz qoyulması qətiyyən doğru deyil. Bu analizlərin nəticəsindən asılı olaraq həmin uşaqlara müvafiq dərman vasitələri də tətbiq olunacaq.
Bu gün bir daha qəbul edilən qız uşaqları arasında sidik yolları infeksiyasının, digər uşaqlar arasında isə qəbizlik və sklerozun geniş yayıldığının şahidi oldum. Qız uşaqları arasında sidik yolları infeksiyasının yayılmasının əsas səbəblərindən biri də gigiyenik qaydalara əməl olunmamasıdır. Buna görə də qız anası olan valideynlər bu kimi məsələlərdə çox diqqətli olmalıdırlar”.
R. Bəylərov həmçinin aksiyaya Türkiyədə və Qazaxıstanda yaşayan azərbaycanlıların da qatıldığını bildirdi.