Bu günlərdə Azərbaycan Tibb Universitetinin Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının (İNMŞ) təşkilatçılığı ilə ATU-da imtahan sessiyasının gedişatına ictimai baxış keçirilib. İctimai baxış 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasında şəffaflığın və obyektivliyin təmin edilməsinə nəzarət məqsədilə İNMŞ iclasının qərarına əsasən təşkil edilib.
İctimai baxış zamanı Şura üzvlərinə məlum oldu ki, ATU-da təhsil alan tələbələrin – gələcəyin həkim və əczaçıları olacaq bu gənclərin biliklərinin düzgün, obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi üçün imtahanlar mərkəzləşdirilmiş qaydada, universitetin virtual test mərkəzində kompyüterlər vasitəsilə test üsulu ilə həyata keçirilir. VI kurs müalicə-profilaktika, tibbi-profilaktika, hərbi-tibbi fakultəsinin, V kurs stomatologiya və IV kurs əczaçılıq fakultəsinin tələbələrinin buraxılış imtahanları da daxil olmaqla, ümumilikdə 157 fənn üzrə keçirilən imtahanların qəbulu 10 may 2017-ci ildən başlayaraq 5 iyul 2017-ci il tarixinədək davam edəcək.
ATU-nun rektoru yanında İNMŞ-nın üzvləri virtual test mərkəzində olarkən, hər gün 220 kompyüter vasitəsilə təxminən 2000-ə yaxın imtahan verən tələbələr üçün hər cür şəraitin yaradılması və imtahanların şəffaf və obyektiv keçirilməsinin şahidi oldular. Bu faktı imtahan mərkəzində yaradılmış Appelyasiya Komissiyasının fəaliyyət göstərməsi bir daha təsdiq etdi. Şura üzvlərinə məlumat verildi ki, Komissiya imtahan zamanı baş verən hər hansı anlaşılmazlıq, test suallarıyla bağlı tələbələrin bütün şikayətlərinə dərhal baxır və müvafiq tədbirlər görülür.
Baxış zamanı məlum oldu ki, indiyə qədər tələbələr tərəfindən daxil olan 180-ə yaxın şikayət yazılı şəkildə qəbul edilib və hər biri ilə bağlı müvafiq ölçü götürülüb. İctimai Şuranın üzvləri ATU-nun virtual test mərkəzində keçirilən imtahanlarla yanaşı, son illər universitetin Tədris-Cərrahiyə Klinikasında keçirilən bacarıq vərdişləri üzrə buraxılış imtahanlarını da izlədilər.
Burada tələbələrin bacarıq vərdişlərinə necə yiyələnməsini nümayiş etdirir, əyani vasitələr üzərində təcrübi bacarıqlarını göstəriblər. ATU-da əczaçılıq fakultəsində bakalavr pilləsində təhsil alan IV kurs tələbələrinin buraxılışı isə diplom-buraxılış işlərinin müdafiəsi ilə həyata keçrilir. Qeyd etmək lazımdır ki, bu tələbələrin bir hissəsi xarici ölkə vətəndaşlarıdır.
ATU-nun rektoru yanında İctimai Nəzəarət və Məsləhət Şurasının sədri, millət vəkili İlham Məmmədov, sədr müavini, ATU-nun müəlliməsi və “Gənc vətəndaş” İB-nin sədr müavini Aidə Bəndəliyeva, şuranın üzvləri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü - Vüqar Rəhimzadə, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, ATU-nun müalicə-profilaktika fakultəsinin IV kurs tələbəsi Amilli Məhərrəm buraxılış işlərinin müdafiəsində də iştirak edərək həm müdafiənin gedişatı, həm də müdafiə komissiyasının işi ilə yaxından tanış oldular.
ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədri və şura üzvləri keçirdikləri ictimai baxış zamanı universitet kollektivi ilə yaxından tanış olublar və onlara öz tövsiyyələrini veriblər. Onlar ATU-da imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunduğunu müşahidə ediblər. Bununla yanaşı, Şuranın sədri, millət vəkili İlham Məmmədov gələcəkdə universitetdə yenicə fəaliyyətə başlamış İctimai Nəzarət və Məsləhət Şurasının müvafiq qərargahının yaradılması, xüsusi rəy qutularının yerləşdirilməsinin zəruriliyini vurğuladı. Onun sözlərinə görə, bu addımlar gələcəkdə həm imtahanların gedişində, həm də universitetin fəaliyyətində obyektivlik və şəffaflığın təmin olunmasını daha da artıracaq, qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə, həmçinin ictimaiyyət nümayəndələrinə mütəmadi məlumat verilməsinə yardımçı olacaq.